Rusiya 2025-ci il dövlət büdcəsinin 32,5 faizini hərbi xərclərə ayıracaq...
İqtisadçı-ekspert: “Təbii ki, hərbi xərclərin artması Rusiyanın Ukraynada düşdüyü bataqlıq, Ukraynaya təcavüzü ilə bağlıdır”.
“Təkcə bu il 300 min insan ordu ilə kontrakt bağlayıb. Onların maaşını ödəmək üçün büdcə də artmalıdır”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiyanın hərbi xərclərinin artmasını Poliqon-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi, Rusiya 2025-ci il dövlət büdcəsinin 32,5 faizini hərbi xərclərə ayıracaq. Bu, Rusiya tarixində rekord hesab oluna bilər. Statistikaya görə sonuncu dəfə belə göstərici 1941-ci ildə olub.
Bəs, Rusiyanın müharibə iqtisadiyyatına keçidi sosial və digər sahələrin inkişafına necə təsir edə bilər və davam edən müharibə fonunda Rusiya iqtisadiyyatının kəskin kiçilməsinə ehtimal vermək olar?
Rusiyada baş verən iqtisadi prosesləri Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.
Natiq Cəfərli: “Bütün bunlar Rusiyanın hərbi-sənaye kompleksinə müsbət təsir etsə də, ümumilikdə Rusiyanın iqtisadi potensialına çox mənfi təsir göstərir”.
Bu qədər böyük hərbi büdcə ayırmaqla Rusiyanın mesaj göndərdiyini düşünən ekspert Poliqon-a açıqlamasında bununla Putinin sona qədər mən də getməyə hazıram, amma gəlin anlaşaq mesajını verdiyini vurğulayıb:
“Təbii ki, hərbi xərclərin artması Rusiyanın Ukraynada düşdüyü bataqlıq, Ukraynaya təcavüzü ilə bağlıdır. Rusiyanın hərbi xərclərinin artması həm də təsnifatla bağlıdır. Yəni təsnifatın dəyişməsi ilə bağlıdır.
Bildiyimiz kimi, Rusiyada əsgərliyə getmək istəyənlər yoxdur, həm də çağırışçıları müharibədə istifadə etmirlər. Ancaq ordu ilə müqavilə bağlayanlar döyüşə göndərirlər. Orada da maaş həddindən artıq yüksəkdir. Yəni Rusiya ortalamasından bəlkə də, on dəfə çoxdur. Bəzi hallarda, 2000-2500-3000 min dollara yaxın maaş alırlar. Onların maaşlarını ödəmək üçün vəsait lazımdır. Söhbət yüz minlərlə insandan gedir. Təkcə bu il 300 min insan ordu ilə kontrakt bağlayıb. Onların maaşını ödəmək üçün büdcə də artmalıdır.
Bundan başqa yeni silahların alınması, silahların xaricdən gətirilməsi də həmin hərbi büdcəyə aiddir. Çünki yerli istehsal bəs etmir. Yerli istehsal Rusiyanın ehtiyaclarını ödəmək üçün kifayət etmir. Hətta yerli istehsal olsa belə, komponentlərinin xaricdən alınıb gətirilməsinə ehtiyac yaranır.
Natiq Cəfərli: “Rusiyanın hərbi xərclərinin artması həm də təsnifatla bağlıdır. Yəni təsnifatın dəyişməsi ilə bağlıdır”.
Bütün bunlar Rusiyanın hərbi-sənaye kompleksinə müsbət təsir etsə də, ümumilikdə Rusiyanın iqtisadi potensialına çox mənfi təsir göstərir. Yəni o pullar Rusiyada iqtisadiyyatın inkişafına, yatırımlara, yeni zavod-fabrikdlərin açılmasına xərclənə bilərdi. Amma bu müharibə resursları obrazlı desək, yeyir bitirir.
Bu o demək deyil ki, Rusiya sülhə hazır deyil. Əksinə belə çox böyük hərbi büdcə ayırmaqla Rusiya mesaj göndərir ki, sona qədər mən də getməyə hazıram, amma gəlin anlaşaq. Buna görə də, məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır”.
Nərminə UMUDLU
Poliqon.info