“Telegram” sosial şəbəkə platformasının gəliri 1 milyard dollara çatıb ki, bu da messencerin monetizasiyanın (Monetizasiya bir obyektin, malın, xidmətin və ya aktivin pula çevrilməsini təsvir etmək üçün istifadə olunan termindir – red.) tətbiqindən sonra ilk dəfə gəlirli olmasına imkan verib.
OLAY yazır ki, bu barədə şirkətin təsisçisi, hazırda Fransada istintaq altında olan Pavel Durov öz kanalında məlumat verib.
“Təxmin etdiyim kimi, 2024-cü il Telegram üçün çox uğurlu il oldu. Şirkətin 2024-cü ildə ümumi gəliri 1 milyard dolları keçdi və biz ili kripto aktivləri nəzərə almasaq, 500 milyondan çox nağd pulla başa vururuq”, - deyə Durov bildirib.
O əlavə edib ki, messencer “müstəqil qalaraq və istifadəçilərin hüquqlarına hörmət etməklə” maliyyə cəhətdən sabit ola bilib və istifadəçilərin hər zaman platformanın prioriteti olacağını qeyd edib.
Əvvəllər Pavel Durov dəfələrlə bildirib ki, “Telegram” öz istifadəçilərinə söz azadlığı verir və heç bir ölkənin hakimiyyəti tərəfindən idarə olunmur. Milyarder həmçinin “Google” kimi qlobal korporasiyaları məlumatlara senzura tətbiq etdiyinə və istifadəçilərin şəxsi məlumatlarından istifadə etdiyinə görə tənqid edib.
Lakin Durov tutduğu mövqeyə görə tənqidlərə məruz qalıb. Müxtəlif ölkələrin rəsmiləri onu platformanın qeyri-kafi moderasiyasında günahlandırırlar, buna görə “Telegram” cinayətkarlar üçün yuvaya çevrilib, həmçinin kəşfiyyat xidmətləri ilə əməkdaşlıqdan imtina edib.
Qeyd edək ki, avqustun 24-də Pavel Durov sevgilisi Yuliya Vavilova ilə (sonra azadlığa buraxılıb) Parisdə saxlanılıb - ilkin olaraq, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması və “Telegram”da işlədiyinə görə pedofil məzmununu gizlətməkdə iştirak ittihamı ilə. Daha sonra Durov 5 milyon avro girov müqabilində azad edilib və ona Fransa ərazisini tərk etmək qadağan edilib. Artıq sentyabr ayında Durov “Telegram”da cinayətkarlıqla mübarizənin gücləndirildiyini elan edib və moderasiyanı yaxşılaşdıracağını vəd edib.