Rusiya qoşunları Suriyadakı əksər məntəqələrdən tamamilə geri çəkilib, lakin hələ də Xmeymim aviabazasında və Tartus limanında qalır. Ancaq Moskva 2025-ci ilin fevralına qədər qoşunlarını Suriyadan tamamilə çıxarmağı planlaşdırır.
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.
Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsi dekabrın 23-də bildirib ki, ruslar Suriyanın daxili hissəsindəki bütün mövqelərdən bölmələrin çıxarılmasını başa çatdırıb və hazırda yalnız Xmeymim aviabazasında və Tartus limanında mövcuddurlar.
ISW-nin məlumatına görə, rus əsgərləri sonuncu dəfə dekabrın 18-də Həsəkə vilayətindəki Qamışlı hərbi bazasında görünüb. İnstitut güman edir ki, bundan bir neçə gün sonra rus bölmələri bu bazadan tamamilə çıxarılıb: "Rusiya hələ də Suriyanın sahillərində Xmeymim aviabazasında və Tartus limanında mövcudluğunu saxlayır. Bununla belə, Suriyadan gələn əyani sübutlar və hesabatlar göstərir ki, Rusiya qoşunları ya saylarını əhəmiyyətli dərəcədə azaldılmasına, ya da ölkənin sahilyanı ərazilərdən tamamilə çıxmağa hazırlaşır”.
ISW həmçinin Ukrayna kəşfiyyatının məlumatlarına istinadla qeyd edib ki, dekabrın 23-də Aralıq dənizində qəzaya uğramış Rusiya yük gəmisi Rusiya texnikasını və silahlarını Tartusdan çıxarmaq üçün Suriyaya gedirmiş. Bundan əlavə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, Rusiya və “yeni Suriya hökuməti” danışıqları davam etdirib və Suriya tərəfinin Rusiyanın 20 fevral 2025-ci il tarixindən gec olmayaraq Xmeymim və Tartus ərazilərini tərk etməsi tələbini müzakirə ediblər.
İnstitut dekabrın 23-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Moskvanın həm diplomatik, həm də hərbi kanallar vasitəsilə Suriyadakı yeni hökumətlə əlaqə saxladığını deməsini də xüsusi qeyd edib.
“AzPolitika.info”