AZ

Paşinyanın debat çağırışına Ter-Levondan cavab- “2019-cu ilin iyun olaylarını aç”...

Image

Ramil Hüseynov: “Görünür, burada söhbət məxfi danışıqlarda hansısa məqamdan gedir”

“Min illər boyu mübahisə predmeti olan erməni “Artsax” sizin avantürizminiz ucbatından artıq mövcud olmadığı və xalqımızın diqqətini bu acı reallıqdan yayındırmaq üçün ümidsiz cəhdlərdən başqa bir şeyiniz qalmadığı halda mən sizinlə nə barədə mübahisə etməliyəm?”

Bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyanın debatda iştirak etmək dəvətinə cavabında deyib.

Keçmiş prezident Paşinyanın dialoq təklifinə reaksiyasında daha sonra bunları bildirib: “İstədiyiniz qədər səs-küy yaradın. Bu reallıq artıq silinməsi mümkün olmayan tarixi bir həqiqətdir. Və əgər, Nikol, sən ictimaiyyətin Qarabağ məsələsinin diplomatik həlli prosesi ilə bağlı bütün həqiqəti bilməsini istəyirsənsə, onda belə bir təklif var: “Artsax”ın süqutundan sonra bu proses ətrafında müəmma öz mənasını itirdiyi üçün bütün sülh prosesini dərc et. ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəsmən təqdim etdiyi planlar (o cümlədən, 2019-cu ilin iyunu daxil olmaqla) və erməni diplomatiyasının onlara rəsmi cavablarını. O zaman həqiqətən də faktlara əsaslanan mübahisə olacaq. Əgər bunu etməsəniz, həqiqətdən qaçdığınızı və qorxaqcasına tarixi məsuliyyətdən qaçmağa çalışdığınızı bir daha sübut edəcəksiniz”.

Maraqlıdır, 2019-cu ilin iyununda nə olub?

“Paşinyan mövqelərini möhkəmləndirəndən sonra 2019-cu ildə pozucu mövqe sərgiləməyə başladı”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, görünür, burada söhbət məxfi danışıqlarda hansısa məqamdan gedir: “Həmin dövrdə ABŞ prezidenti Donald Tramp idi. Paşinyan 2018-ci ilin mayında inqilab yolu ilə baş nazir olandan sonra ziddiyyətli açıqlamalarla çıxış etdi. Gah dedi ki, Ermənistanlıq bir şey yoxdur, Qarabağ erməniləri bu məsələni həll etməlidir. Gah da danışıqların sıfırdan başlayacağı mesajını verdi. Xüsusən ilk dövrlərdə Paşinyan dipıomatik kanallarla vaxt istədiyi mesajını verdi. Hətta bir neçə ay təmas xəttində atəşkəsin pozulması halları kəskin şəkildə azaldı. İlk baxışdan belə təəssürat yarandı ki, danışıqlarda hansısa canlanma olacaq. 2018-ci ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun region ölkələrinə, o cümlədən Ermənistana səfəri oldu. Bolton İrəvanda Qarabağ münaqişəsinin həllinin Birləşmiş Ştatlar üçün strateji əhəmiyyət kəsb etdiyini bildirdi. Məlumatlara görə, Bolton Qarabağ məsələsinin həlli ilə bağlı bir sıra real təkliflərlə çıxış edib, amma Paşinyan bunu qəbul etməyib. Sonra elə oldu ki, Paşinyan mövqelərini möhkəmləndirəndən sonra 2019-cu ildə pozucu mövqe sərgiləməyə başladı. 2019-cu ilin martında Ermənistanın müdafiə naziri olan David Tonoyan ABŞ-da səfərdə olarkən “yeni ərazilər naminə yeni müharibə” ifadəsini işlətdi. Bu, artıq Paşinyan hakimiyyətinin güzəştə getməyəcəyi ilə bağlı növbəti təxribatçı siqnal idi. Sonra həmin ilin mayında Paşinyan Şuşada içki içib yallı oynayaraq öz simasını göstərdi. Ən nəhayət, 5 avqust 2019-cu ildə Xankəndiyə qanunsuz səfər edərək mitinq iştirakçıları qarşısında “Qarabağ Ermənistandır, nöqtə” deyərək, praktiki olaraq Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqları dayandırdı. Ondan sonra baş verənlər də bəllidir. Ona görə də, Ter-Petrosyan məhz 2019-cu ilin iyununa işarə edir. Çünki ondan sonra bu çərçivədə nə hansısa təklif, nə də danışıq olmayıb. Görünür, Ter-Petrosiyanda 2019-cu ilin iyunu ilə bağlı hansısa məxfi məlumat var və bu səbəbdən belə əminliklə danışır”.

Vidadi ORDAHALLI





Seçilən
85
46
baki-xeber.com

10Mənbələr