Olaylar.az xəbər verir ki, "Telegraph" qəzetinin yazdığına görə, gərginlik 2024-cü ilin aprelində Türkiyənin Avropa İttifaqına dönər-kebabın orijinal resepti və hazırlanma üsulları ilə qorunması üçün müraciətindən sonra başlayıb.
Türkiyə, Fransanın şampanı və İtaliyanın neapolitan pizzası kimi, öz milli yeməyi olan dönər-kebaba hüquqi müdafiə hüququ əldə etmək niyyətindədir. Bu, dönərin unikal və ənənəvi hazırlıq üsuluna malik yemək kimi tanınmasını təmin edəcək. Yeni standartlara əsasən, dönər üçün ət qatıq və göyərti ilə marinad edilməli, üfüqi şəkildə 3-5 mm qalınlığında doğranmalıdır. Digər inqrediyentlərdən və ya üsullardan istifadə etmək isə yeməyin "orijinal dönər" statusundan məhrum olmasına səbəb ola bilər.
Lakin bu tələblər Almaniyada böyük narazılıq doğurub. Dönər-kebabın ölkənin ən populyar fastfudu olduğu Almaniyada hər il bir milyarddan çox porsiya dönər satılır. Alman istehsalçılar və satıcılar standartların dəyişməsi ilə əlaqədar böyük çətinliklərlə üzləşə biləcəklərindən narahatdırlar.
Müəlliflərin qeyd etdiyinə görə, "Türkiyənin orijinal dönər üçün hüquqi müdafiə əldə etmək cəhdi Almaniyada bu sevimli fastfudun gələcəyinə son qoya bilər."
Əgər tərəflər bu yemək ilə bağlı razılığa gəlməsələr, məsələyə Avropa Komissiyası müdaxilə edəcək. Əgər Ankara öz mövqeyində qalarsa, Avropada dönər yeni ad altında satılmalı olacaq.