AZ

Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sarsılmaz dayaqlar hazırda dövlətimizin daxili və xarici siyasətində, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlətin ali məqsədi olan insan hüquqlarının təmin edilməsində böyük uğurlara gətirib çıxarmışdır. Dünyada böyük nüfuz qazanan Azərbaycan beynəlxalq problemlərin həll olunduğu mərkəzlərdən birinə çevrilməkdədir. Bu cəhətdən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakı şəhərində keçirilməsi mühüm qlobal problemlərin həllində də dövlətimizin bir daha rolunu əsaslandırmaqla xüsusi olaraq qeyd edilməlidir.

Nüfuzlu təşkilatların üzvü və insan hüquqları sahəsində əksər beynəlxalq müqavilələrin iştirakçısı olaraq dövlətimiz özünün milli qanunvericilik sistemini daha da inkişaf etdirir.

Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə ulu öndərin adı ilə bağlı olması danılmaz faktdır. Belə ki, hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapmışdır. Bununla da vəkilliyə konstitusion status verilmişdir. Həmçinin Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan SSR-in 13 noyabr 1980-ci il tarixli Qanunu ilə "Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə" təsdiq edilmişdir. Həmin dövrdə konstitusion status daşıyan Vəkillər Kollegiyası məhz bu Əsasnamə əsasında fəaliyyət göstərmişdir. Beləliklə, Azərbaycanda vəkilliyin institutsionallaşmasına start verilmiş və hüquqi əsasları möhkəmləndirilmişdir. Bu dövr vəkilliyin hüquqi təminatlarının gücləndirilməsi və cəmiyyətdəki nüfuzunun artırılması üçün vacib bir mərhələ olmuşdur.

Bütün qeyd olunanların məntiqi davamı kimi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası bütövlükdə insan hüquqları amili üzərində qurulmuş, insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilmiş, beynəlxalq müqavilələrin və beynəlxalq hüququn primatlığı bütün sahələrdə tam şəkildə tanınmışdır. Konstitusiyamızın 7, 10, 12, 71, 148 və 151-ci maddələri xüsusi qeyd edilməlidir. Eyni zamanda Konstitusiyanın 2-ci bölməsi əsas insan və vətəndaş hüquq, azadlıq və vəzifələrinə həsr edilmişdir. Konstitusiyamızın 61-ci maddəsində müəyyən edilən "Hüquqi yardım almaq hüququ" beynəlxalq hüquq normalarına uyğun olmaqla bərabər, sonradan bu sahədə bir sıra əhəmiyyətli sahəvi normativ aktların qəbul edilməsinə gətirib çıxarmışdır. Konstitusiyada əksini tapmış əsas strateji məqsədlər, ilk növbədə, hüquqi islahatları və insan hüquqlarının qorunması prinsipinin realizəsini zəruri etmiş, milli qanunvericilik sisteminin daha da inkişafına təkan vermişdir. Nəticədə, 28 dekabr 1999-cu il tarixli "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunla müstəqil Azərbaycan vəkilliyinin əsası qoyulmuş, ölkəmizin tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşmışdır.

Yeni qəbul edilmiş "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanundan irəli gələrək 2004-cü il noyabrın 3-də Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası təsis edilmişdir. Təsis zamanı Kollegiyanın 356 vəkil üzvü olmuşdur. Bu yeni struktur vəkilliyin funksional və peşəkar təşkilatlanmasında önəmli rol oynamışdır. Kollegiya bu illər ərzində yalnız hüquqi yardım göstərən qurum deyil, eyni zamanda insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə və ədalət mühakiməsinin təminatçısı kimi çıxış edir. Azərbaycanın bu sahədəki liderliyi, postsovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olması ölkəmizin hüquqi islahatlara sadiqliyini bir daha nümayiş etdirdi. Qeyd edilməlidir ki, 356 vəkilin iştirakı ilə təsis edilən Vəkillər Kollegiyasının üzvlərinin sayı bu gün 2500 nəfərdən çoxdur.

Sonradan Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunmuşdur ki, bu da ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlər barədə" 11 mart 2005-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan vəkilliyinin inkişafına dövlət tərəfindən verilmiş əməli dəstək kimi qiymətləndirilməlidir. Hüquqi islahatlar sırasında vəkillik fəaliyyətinin yeni inkişaf mərhələsinə təkan vermiş və tarixi önəm daşıyan 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının preambulasında qeyd olunur ki, vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır. Sərəncamda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının müvafiq binalar ilə təmin olunması, dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin 3 dəfə artırılması və s. məsələlər öz əksini tapmışdır.

Eyni zamanda Sərəncama uyğun olaraq müasir informasiya-kommunikasiyaları texnologiyalarının tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi məsələləri də qeyd edilmişdir. Bunu nəzərə alaraq, Vəkillər Kollegiyası tərəfindən 2023-cü ildən etibarən ölkəmizdə pilot layihə kimi "Elektron order"dən istifadə olunmağa başlanılmış, artıq 2024-cü ildən layihə geniş tətbiq edilir. Hazırda 14000-ə yaxın elektron müqavilə bağlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı vəkilliyin ölkəmizdə daha mütərəqqi quruma çevrilməsi baxımından tarixi sənəd olmaqla yanaşı, gələcək dövr üçün onun inkişaf istiqamətlərini də müəyyən etmişdir. Həmin Fərmanla 2020-ci ildən etibarən dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq icra hakimiyyətinə deyil, dövlət büdcəsində birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunmuşdur. Prezident cənab İlham Əliyevin bu sahəyə diqqətinin daha bir təzahürü kimi 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə "Vəkil Günü" peşə bayramı təsis edilmişdir. Sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycan Respublikasında "Vəkil Günü" peşə bayramı kimi qeyd edilir.

Peşə bayramı münasibətilə hər il olduğu kimi təşkil edilən tədbirlər çərçivəsində növbəti dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir. Tədbir Sumqayıt Regional Vəkil Bürosunun təşkilatçılığı ilə "Vəkil Günü" peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuşdur. Sərgidə ARVK-nın üzvü, "Kamandar Nəsibov və partnyorları" Vəkil Bürosunun müdiri Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar, Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayevin şəxsi kolleksiyasına aid olan vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əskinasları nümayiş olunur.

Qeyd edilən sərəncamlardan irəli gələn məsələlərdən biri də vəkil qurumlarının artırılması, onların maddi-texniki şəraitinin yaxşılaşdırılmasıdır. Belə ki, regionlarla bağlı olaraq apellyasiya məhkəmələrinin yurisdiksiyasına uyğun Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının regional vəkil qurumları yaradılmış, onlar müvafiq binalarla təmin edilmiş, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanmalarına dəstək göstərilmişdir. Gəncə şəhərində Vəkillər Kollegiyası üçün ayrılmış binanın təmiri yekunlaşmaq üzrədir, Lənkəran şəhərində isə torpaq sahəsində müvafiq binanın tikintisinin başlanılması məqsədilə işlər davam etdirilir. Hazırda ölkəmizdə 138 vəkil qurumu fəaliyyət göstərir.

Konstitusion hüquq olan peşəkar hüquqi yardımı həyata keçirən Vəkillər Kollegiyasının fəaliyyət istiqaməti çoxşaxəlidir. Burada, ilk növbədə, Kollegiyanın Rəyasət Heyətinin və qurumlarının fəaliyyətinə toxunmaq istərdik.

Belə ki, 2024-cü il ərzində Rəyasət Heyətinin 21 iclası keçirilmişdir. İclaslar çərçivəsində Rəyasət Heyətinin qərarları ilə xəstəlikləri ilə əlaqədar olaraq 5 vəkilə Vəkilliyin İnkişafı Fondundan maddi yardım göstərilmiş, 59 vəkil analıq məzuniyyəti, təhsil və s. digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilmişdir. Vurğulanmalıdır ki, hazırda Kollegiyanın nəzdində 11 Komitə fəaliyyət göstərir ki, onlardan ikisi - "icra hüququ" və "deontologiya" komitələri bu il yaradılmışdır.

Vəkillər Kollegiyasının Azərbaycan Respublikasının dövlət və ictimai həyatında iştirakı xüsusi qeyd edilməlidir.

Dövlət başçısının 28 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, "Vəkil Günü" peşə bayramı münasibətilə bir qrup vəkil "Tərəqqi" medalı ilə təltif edilmiş, ilk dəfə yaradılan Məhkəmə Ekspertizası Şurasında təmsil olunmuşdur. Eyni zamanda 2024-cü ildə Vəkillər Kollegiyası dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində 40-dan çox normativ-hüquqi akt layihələrinə rəy və təkliflər vermişdir. Konstitusiya Məhkəməsi ilə əldə olunmuş razılığa əsasən cari ildə 24 işə mütəxəssis mülahizəsi təqdim edilmişdir.

Vəkillər Kollegiyasının fəaliyyət istiqamətlərindən biri kimi beynəlxalq əməkdaşlıq münasibətlərinin inkişafı xüsusi qeyd edilməlidir.

Bu illər ərzində Kollegiya özündə vəkilləri birləşdirən müxtəlif beynəlxalq təşkilatlara üzv kimi qəbul edilmiş, beynəlxalq tədbirlərdə iştirak etmişdir. Habelə respublikamızda səfərdə olan beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən xarici dövlətlərin Vəkillər Kollegiyalarının rəhbər şəxsləri ilə görüşlər keçirilir, fikir və təcrübə mübadiləsi aparılır.

2024-cü il mart ayının 1-də Vəkillər Kollegiyasının rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir. Görüşdə Kollegiyanın beynəlxalq təşkilatlarla əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən, o cümlədən sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən bir sıra layihələrdən danışılmış və əldə olunan beynəlxalq təcrübələrin Kollegiyanın fəaliyyətindəki rolundan nümunələr gətirilmişdir.

Bu il aprel ayının 18-də Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində "İngilis hüquq forumu" mövzusunda beynəlxalq hüquq konfransı keçirilmişdir. Böyük Britaniyanın Tbilisidəki səfirliyinin, İngiltərə və Uels Hüquq Cəmiyyətinin və Gürcüstan Vəkillər Kollegiyasının birgə təşkil etdikləri tədbirdə ölkəmizi Vəkillər Kollegiyasının nümayəndə heyəti təmsil etmişdir. Konfransda edilən məruzələrlə ölkəmizdə hüquqi cəmiyyətin inkişaf perspektivləri, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan mütərəqqi addımlar, vəkillik fəaliyyətinin inkişaf perspektivləri və s. kimi aktual məsələlər xüsusi qeyd edilmişdir.

Həmçinin may ayının 16-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Küveyt Vəkillər Kollegiyası arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Memorandumda Küveytdə yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan küveytlilərin hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar təsbit olunmuşdur.

Xüsusilə qeyd olunmalıdır ki, 2024-cü ilin 23-24 may tarixlərində Vəkillər Kollegiyasının nümayəndə heyətinin iştirakı ilə Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər Kollegiyalarının zirvə görüşü keçirilmişdir. Toplantıda Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər Kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak etmişdir. Tədbirin məqsədi Türk dünyası Vəkillər Kollegiyalarının rəhbərləri arasında fikir mübadiləsi aparılmasından, mümkün əməkdaşlığın qurulması və onun qiymətləndirilməsi yollarının müzakirə edilməsindən ibarət olmuşdur. Mərasimdə Türk dünyası Vəkillər Kollegiyalarının rəhbərləri tərəfindən imzalanan Niyyət Bəyannaməsində türk dövlətlərinin Vəkillər Kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin hazırlanması, o cümlədən növbəti zirvə görüşlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Səfər çərçivəsində nümayəndə heyətləri ilə Türkiyə Cümhuriyyətinin ədliyyə naziri Yılmaz Tunç, Ali Məhkəmənin sədri Ömər Kerkezi, Konstitusiya Məhkəməsinin sədr müavini Basri Bağcını və Danıştay (Ali-İnzibati Məhkəmə) sədri Zeki Yiğiti arasında görüşlər keçirilmişdir.

Cari ilin 20-23 iyun tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində EYBA-nın "Yeni Hüquqi Dünya Nizamı" mövzusuna həsr edilən növbəti beynəlxalq konfransında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri fəal iştirak etmişlər. Bundan başqa, Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərlə bağlı ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının nümayəndəsi - həmin qurumun hüquqi təhlilçisi Branislav Soloviç ilə ARVK arasında görüş keçirilmiş, qonaqlarla fikir mübadiləsi aparılmışdır.

Kollegiyanın fəaliyyət istiqamətlərindən biri də vəkillik institutunda müasir İKT-nin tətbiqidir.

Rəyasət Heyətinin 1 mart 2024-cü il tarixli iclasında "Elektron vəkil orderi" cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq istifadə edilməsi barədə qərar qəbul edilmişdir. Aprel ayının 3-də Vəkillər Kollegiyasının təşkilatçılığı ilə elektron order, elektron müqavilə və digər elektron xidmətlərin ictimaiyyət üçün təqdimatı keçirilmişdir. Son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyi, bu sahədə müəyyən layihələrə imza atıldığı, "Pro Bono ChatBot" süni intellektin təqdimatı olmuşdur.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının digər fəaliyyət istiqamətlərindən biri də aktual mövzularda konfransların təşkilidir.

Qeyd olunmalıdır ki, 30.04.2024-cü il tarixində Vəkillər Kollegiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə "Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusu" mövzusunda seminar keçirilmişdir. Kollegiyanın və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinin iştirakı ilə keçirilən tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə 8 may 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasında "Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi" mövzusunda konfrans, habelə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir. Tədbir ulu öndər Heydər Əliyevin 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuşdur. Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, habelə muxtar respublikanın blokada şəraitində yaşamasına baxmayaraq, burada insan hüquq və azadlıqlarının hər zaman yüksək səviyyədə təmin edildiyi qeyd olunmuşdur. Konfransda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 9 namizəd vəkil andı içərək kollegiyaya qəbul olunmuşlar. Səfər çərçivəsində vəkillər tərəfindən Naxçıvan şəhər Vəkil Bürosunda pulsuz hüquqi yardım aksiyası təşkil edilmiş və Naxçıvan ASAN Vəkil Bürosunun açılış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən Türk Ədliyyə Təlim Şəbəkəsinin fəaliyyəti çərçivəsində 4-5 iyun tarixlərində "Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya" mövzusunda və 16 dekabrda "Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər" mövzusunda keçirilmiş beynəlxalq konfranslar çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası təmsil olunmuş, Kollegiyanın sədri məruzə ilə çıxış etmişdir. Hər iki konfransda Türk dövlətlərində məhkəmə, eləcə də prokurorluq sistemlərində elektron informasiya texnologiyalarından istifadə, ölkələrin qanunvericiliyinin təhlili və yaxşılaşdırılması, hüquq peşəsi sahəsində fəaliyyət göstərən şəxslərin tədrisində, elmi tədqiqatların və tədrisin təşkil olunmasında elektron texnologiyaların rolu mövzularında panel sessiyalar və müzakirələr keçirilmişdir.

Sentyabrın 6-da Bakıda Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə "Law and climate" adlı beynəlxalq konfransda Vəkillər Kollegiyası geniş tərkibdə iştirak etmiş, Kollegiyanın sədri və üzvləri müxtəlif məzmunlu məruzələrlə çıxışlar etmişlər. Bundan başqa, 10 oktyabr 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Kollegiyanın dəstəyi ilə vəkillər və hakimlər üçün "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda təlim keçirilmişdir.

Əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi, onlara peşəkar, yüksək keyfiyyətli hüquqi yardım göstərilməsini təmin etməkdən ibarət olan Kollegiya, respublikamızda hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığına həssas yanaşaraq, bu istiqamətdə ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri qurur. Bununla da, hüquq sahəsində təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə dövlətimiz tərəfindən həyata keçirilən fəaliyyətə daim töhfə verir.

Belə ki, 20.05.2024-cü il tarixində Bakı Dövlət Universitetində Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "CareerLaw" layihəsi çərçivəsində Kollegiya rəhbərliyinin "Müasir Azərbaycanda vəkillik institutu: yeni çağırışlar" mövzusunda BDU-nun hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrlarla görüşü keçirilmişdir. Tədbirdə son illərdə vəkilliyə üz tutan hüquqşünasların əsasən gənclərdən ibarət olduğu, onların vəkilliyə yeni nəfəs gətirdiyi və bu istiqamətdə gənclərlə əməkdaşlığa çox böyük önəm verildiyi xüsusilə qeyd edilmişdir.

Cari ilin fevral-mart aylarında Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə hüquq fakültəsinin tələbələri arasında təşkil edilən "Biz gələcəyin vəkilləriyik" adlı növbəti qış məktəbinin açılış mərasimi keçirilmişdir. Qış məktəbi çərçivəsində 2 təlim Bakı şəhərində 3 gün müddətində digər təlimlər isə Naftalan şəhərində təşkil olunmuşdur. Qış məktəbinin əsas məqsədi ölkə ərazisində vəkillik fəaliyyətinin təşviq edilməsi, hüquq fakültəsi tələbələrinin vəkillik fəaliyyəti sahəsində biliyinin artırılması və onlarda bu sahəyə marağın yaradılması, o cümlədən gənc hüquqşünaslarla Kollegiya arasında əlaqələrin qurulmasından ibarətdir. Təlimlər tanınmış vəkillər, hakimlər və alimlər tərəfindən keçirilmiş və respublika üzrə bütün hüquq fakültəsi tələbələrinin iştirakı təmin edilmişdir. Qeyd olunmalıdır ki, 2022-2023-cü illərdə Kollegiya və Gənclər Fondunun birgə təşkilatçılığı ilə hüquqşünas tələbələr üçün yay və qış məktəbləri təşkil olunmuşdur.

Noyabr-dekabr aylarında Vəkillər Kollegiyası və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Qalib Azərbaycan" adlı II Hüquq Olimpiadası təşkil edilmişdir. Üç mərhələdən ibarət Olimpiadada ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışmışdır. Olimpiadanın məqsədi tələbələrin hüququn müxtəlif sahələrində bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən onların inkişafına töhfə verməkdən ibarət olmuşdur. Belə bir olimpiada keçən il də keçirilmişdir.

Vəkillər Kollegiyası üzvləri müxtəlif ali təhsil müəssisələrinin hüquq fakültələrində tədrisə cəlb olunmaqla bilik və bacarıqlarını gənc hüquqşünaslarla bölüşürlər.

Gənclərlə iş Kollegiyanın prioritet məqsədlərindən biridir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və "Femida Könüllüləri" Təşkilatı İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Memorandumun məqsədi birgə fəaliyyətin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə və məzunların peşəkar hüquqşünas kimi hərtərəfli inkişafı, eləcə də gənc hüquqşünaslar arasında vəkilliyə marağın artmasına nail olmaq üçün Kollegiya və "Femida Könüllüləri" Təşkilatı arasında münasibətlərin daha da genişləndirilməsindən ibarətdir. Əməkdaşlıq çərçivəsində hüquqşünas gənclərin Rəyasət Heyətinin Aparatında, Vəkillər Kollegiyasının Akademiyasında, o cümlədən vəkil bürolarında mərhələli şəkildə (STEP I, STEP II) könüllülük fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda gələcəkdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili və digər layihələrin həyata keçirilməsi planlaşdırılır.

Gənc hüquqşünaslarla iş sahəsində Kollegiyanın gördüyü tədbirlərdən biri də hüquq fakültəsi tələbələrinin və gənc hüquqşünasların müxtəlif vəkil bürolarında təcrübə keçməsinə dəstək göstərilməsidir. 2024-cü il ərzində vəkil bürolarında 178 tələbə istehsalat təcrübəsində, 67 nəfər isə könüllü qaydada təcrübə proqramlarında iştirak etmişdir. Eyni zamanda Femida könüllülərindən 32 tələbə də vəkil qurumlarında təcrübə keçmişdir.

Rəyasət Heyətinin iclaslarında ADA və Bakı Dövlət Universitetlərinin müraciətləri nəzərə alınaraq, ABŞ-da keçiriləcək "Philip C. Jessup" Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edəcək tələbələrə, habelə Hacı Zeynalabdin Tağıyev adına müsabiqə çərçivəsində "EduEmpower" layihəsinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müsbət qərar qəbul olunub. Həmçinin III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində mütəmadi görüşlər keçirib. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixdə imzaladığı Sərəncamla təsis olunan "Yüksəliş" müsabiqəsində Vəkillər Kollegiyası rəhbərinin mentor qismində iştirakı, Kollegiyanın qeyri-dövlət təsisatı kimi mühüm rola malik olmasının göstəricisidir.

Vəkillər Kollegiyası və hüquq tələbələrinin sıx birləşdiyi ELSA Azərbaycan arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, hər il olduğu kimi, ELSA Azərbaycan tərəfindən üç instansiya məhkəməsində təşkil edilən Milli Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyaları və digər müxtəlif formatlarda səhnələşdirilmiş məhkəmə müsabiqələrinə Kollegiya tərəfindən maddi və təşkilati dəstək verilir. Qeyd olunanlardan əlavə ELSA Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələr də təşkil edilir.

Vəkillər Kollegiyası tərəfindən vəkillərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün müxtəlif idman yarışları - futbol, şahmat və s. təşkil edilir, bir sıra beynəlxalq turnirlərdə Kollegiya üzvləri iştirak edir. Belə ki, ilk dəfə olaraq Vəkillər Kollegiyasının qadın vəkil və hüquqşünaslardan ibarət "Legal Eagles" komandası "Mundiavocat 2024" (Mundiavocat, World Football Cup for Lawyers) turnirinin gümüş medalçısı olmuşdur. Kollegiyanın kişilərdən ibarət "Advokat" futbol komandası isə turniri V pillədə başa vurub.

İxtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi Kollegiyanın əsas məqsədlərindən biridir.

22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Kollegiya tərəfindən vəkilliyə qəbul müntəzəm həyata keçirilməyə başlanılmışdır. Belə ki, vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci illərdə (14 il ərzində) 5 yazılı test imtahanı, son 7 ildə isə 14 yazılı test imtahanı keçirilmiş və bunun nəticəsi olaraq vəkillərin sayı 3 dəfədən çox artmışdır. 2024-cü ildə isə vəkilliyə qəbulla bağlı 2 yazılı test imtahanı keçirilmişdir. Birinci test imtahanında ümumilikdə 555 nəfər iştirak etmiş, onlardan 139 nəfəri uğur qazanmışdır. İkinci test imtahanında isə 361 nəfər iştirak etmiş, 238 nəfəri uğur qazanmışdır. Qeyd olunduğu kimi, ölkəmizdə son ildə vəkillərin sayı artıq 2500-dən çox olmuşdur.

2024-cü il iyun ayının 21-də "İnsan hüquqları aylığı" ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir.

Vəkil köməkçiləri institutunun inkişafı da əsas hədəflərdəndir. Hazırda Vəkillər Kollegiyasında 500-dən çox vəkil köməkçisi fəaliyyət göstərir. Kollegiyada mütəmadi olaraq, yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşlər keçirilir, onlara vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolu və əhəmiyyəti barədə məlumat verilir.

Vəkillərin peşə hazırlıqlarının artırılması və onların davamlı tədrisə cəlb olunması Vəkillər Kollegiyasının diqqətindədir.

2024-cü il ərzində Kollegiya tərəfindən vəkillər üçün 90-a yaxın təlim keçirilmişdir. Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə keçirilmiş "Elektron order"lə bağlı 17 təlimdə 2000-dən çox vəkil, Ədliyyə Akademiyası ilə keçirilən ixtisasartırma təlimlərində (24 təlim) 1000-dən çox vəkil, digər yerli və beynəlxalq qurumlarla keçirilən 15 təlimdə 860 vəkil, Vəkillər Kollegiyası Akademiyası tərəfindən təşkil edilən ixtisasartırma təlimlərində (28 təlim) 1649 vəkil iştirak etmişdir. Təlimlər əyani, distant və hibrid formalarda bu sahədə tanınmış hakimlər, peşəkar vəkillər, alimlər və ekspertlər tərəfindən aparılmışdır.

"Azərbaycan Vəkili" elmi-praktiki hüquq jurnalının 2024-cü ildə iki sayı dərc edilmişdir. Kollegiyanın rəsmi nəşri olan "Azərbaycan Vəkili" elmi-praktik hüquq jurnalı məzmun, forma və istiqamət baxımından tamamilə yenilənərək oxuculara təqdim edilir. Jurnalın əsas məqsədi vəkillik institutunun inkişafı ilə bərabər, vəkillərin elmi bazasının gücləndirilməsi, bu istiqamətdə mühüm hüquqi məsələlərin təhlili və həlli yollarının müəyyən olunması, hüquqi maarifləndirmənin genişləndirilməsi, hüquq elminin inkişaf etdirilməsi, nəzəriyyə və praktikanın əlaqələndirilməsindən ibarətdir. Jurnalın redaksiya heyətində görkəmli yerli və əcnəbi (ABŞ, Almaniya, Ukrayna, Rusiya, Qazaxıstan, Türkiyə, Moldova və s.) hüquq alimləri təmsil olunmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan "Azərbaycan Vəkili" elmi-praktik hüquq jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydaya uyğun, elmi məqalələrə aid olan tələblərə cavab verdikdən sonra çap edilir. Jurnalın rəsmi saytında ona aid bütün məlumatlar, qaydalar və tələblər əks olunmuşdur. Jurnal onlayn qaydada da məqalələri qəbul etmək imkanına malikdir, bütün yazışmalar və rəylər bu qaydada həyata keçirilir (https://academy-aba.az).

Şəxslərin keyfiyyətli hüquqi yardıma əlçatanlılığını təmin etmək məqsədilə Vəkillər Kollegiyası tərəfindən vətəndaşlara pulsuz hüquqi yardım göstərilir.

Hər il olduğu kimi, 2024-cü ildə də Kollegiya tərəfindən Pro Bono - ödənişsiz hüquqi yardımların həyata keçirilməsi davam etdirilmişdir. Belə ki, respublikamızın bütün ərazilərində 2000-dən çox aztəminatlı şəxsə və məhkumlara pulsuz hüquqi yardım göstərilmişdir.

Qeyd olunanlar görülmüş işlərin çox az bir hissəsini əhatə edir. Azərbaycan vəkilliyinin 105 illik tarixi, Kollegiyaya tam müstəqillik verən Qanunun qəbulunun 25 illiyi və yeni Vəkillər Kollegiyasının təsisinin 20 illiyi vəkillik fəaliyyətinin məqsədəuyğun şəkildə formalaşmasını və təkmilləşməsini təmin edir. Bu yubileylər Azərbaycanda vəkilliyin hədəflərini əks etdirir və keçmişin nailiyyətlərini xatırlatmaqla, gələcəkdə daha mükəmməl nailiyyətlər üçün yeni istiqamətlər müəyyən edir.

Böyük qürur hissi ilə bir daha qeyd etmək istərdik ki, Azərbaycan Respublikası postsovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir və hazırda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən və dövlətin mühüm öhdəliyi olan yüksəkkeyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi kimi şərəfli missiya məhz Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən uğurla həyata keçirilir.
Seçilən
67
12
yenilik.az

10Mənbələr