“Baş məşqçimiz Qurban Qurbanova və komandamıza daim inanıram. Onların 2025-ci ildəki vacib matçlarda, UEFA Avropa Liqasında pley-offa vəsiqə üçün sonadək mübarizə aparacaqlarına əminəm”.
Publika.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözel klubun rəsmi saytına açıqlamasında deyib.
O, 2024-cü ildə əldə olunan uğurların davamının gələcəyinə inandığını söyləyib:
“Avropa Liqasında bizi iki vacib oyun gözləyir. Qarşıdakı ildə avrokubok, Premyer Liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq.
Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Komandamızın yeni ildə onlara yeni-yeni sevinclər bəxş edəcək”.
Klub rəhbəri 2024-cü ilin hüznlü, ağrı dolu hadisə ilə başa çatdığını bildirib:
“Bir neçə gün əvvəl yaşanan təyyarə qəzası hər birimizi çox üzdü. Həlak olanların ailələrinə, xalqımıza dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Qəzada xəsarət alanların tezliklə şəfa tapmasını diləyirəm”.