Xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr və 6-7 yanvar) keçirirlər və o hazırda 100-dən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.
Milad bayramı əhalisinin əksəriyyətini xristianların təşkil etdiyi bir çox ölkədə qeyri-iş günü hesab edilir. Ancaq xristian əhalinin çoxluq təşkil etmədiyi Hindistan və Malayziya kimi ölkələrdə bu gün rəsmi tətildir. Bayramı qeyd edən ölkələrin əksəriyyətində mağazaların çoxu həmin gün bağlı olur. Məsələn, İngiltərədə 25 dekabrda heç bir ictimai nəqliyyat vasitəsi işləmir. Milad bayramının ən əvəzedilməz atributlarından biri də təbii ki, “Santa Klaus”, yəni Şaxta Babadır. Onun obrazının ilham mənbəyi kimi IV əsrdə yaşamış Müqəddəs Nikolas qəbul edilib. Xarici ölkələrdə bayram hazırlığı bir neçə ay əvvəldən başlayır, böyük şövq və təntənə ilə həyata keçirilir. Bu ərəfədə evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır. Milad ərəfəsi şam ağacı bəzəmək adətinin ilk dəfə XVI əsrdə Almaniyada meydana gəldiyi və Avropaya buradan yayıldığı güman edilir.
Modern.az mövzu ilə bağlı Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayevlə həmsöhbət olub.
Onun sözlərinə görə, Milad bayramı xristianların iki əsas bayramından biridir:
“Pasxadan sonra bizim üçün ən böyük bayram Milad bayramıdır. Azərbaycanda dini mühiti, dinlərarası münasibətləri, cəmiyyətdəki dini mədəniyyəti nəzərə alsaq, əminliklə deyə bilərik ki, böyük sevinc, coşqu hətta digər xristian məzhəblərin iştirakı ilə bu bayramı qeyd edirik. Cəmiyyətin marağına gəldikdə isə deyə bilərəm ki, elə dünən kilsəmizə çoxlu qonaqlar gəlmişdi. Xristian dinindən olmayan qonaqlar belə bizimlə bayram sevincini bölüşmək üçün gəlmişdilər. Katoliklik ümumdünya dinidir. Bu kilsə hansısa millətə bağlı deyil. Ona görə də onun mənsublarının arasında demək olar ki, bütün xalqlar var. Azərbaycanda da katolik dininə mənsub olan yerli və xarici vətəndaşlar var. Yerli vətəndaşlar arasında milliyətcə rus, azərbaycanlı, ukraynalı, alman, polyak olanlar var. Xarici vətəndaşlar isə Azərbaycanda işləyən, yaxud təhsil alan Avropa və Asiya katolikləridir. Bizim digər böyük bayram və tədbirlərimizdə də insanlar gəlir, qonağımız olurlar. ”.
Müsahibimiz qeyd edib ki, Katolik kilsəsində bütün dini bayramların mərkəzində “Müqəddəs Messa” deyilən dini ayin dayanır:
“Bu ayin eyni zamanda “Yevxaristiya” da adlanır. Bu İsa Məsihin son şam süfrəsini ifadə edir. Ayin zamanı çörək və şərab mərkəzdə durur. Milad bayramı 24 dekabr axşamından başlanır. Gün batandan son ilk “Müqəddəs Messa olur”. Daha sonra sübhlə birlikdə ikinci Messa olur ki, ona "Çobanlar Messası" deyilir. Ardınca isə "Gündüz Messası" keçirilir. Hazırda Azərbaycanda kilsə şəklində yalnız Müqəddəs Məryəm Kilsəsi fəaliyyət göstərir. Eyni zamanda Nərimanov rayonunda da kiçik ibadətgah mövcuddur. Amma bu yaxınlarda yeni kilsənin ərazisi təqdim olundu. Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallaqer xeyir-dua verildi".