Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Sənan Yəhya QHT.az-a özəl açıqlamasında 2024-cü ili təşkilatın inkişafında əlamətdar il olduğunu qeyd etmişdir.
Onun sözlərinə görə, İctimai Birlik nizamnamə məqsədlərinə uyğun olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Quba, Qusar və Xaçmaz rayonlarında “Sahibkarların İxrac Fəaliyyətinin Təşviqi” layihəsini uğurla icra etmişdir. Layihənin icrasına Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.azexport.az portalı kadr və texniki dəstək vermişdir:
"Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Birlik Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi “Azərbaycanda İnnovasiya əsaslı və Dayanıqlı Vətəndaş Cəmiyyətinin İnkişafı” layihəsinə qoşularaq “Sosial Sahibkarlıq” sahəsində beynəlxalq təcrübəyə əsaslanan bilik və bacarıqlar qazanmışdır. Fəaliyyətlərimizin beynəlxalq və yerli təşkilatlara tanıdılması və əməkdaşlıqların genişləndirilməsi üçün təşkilatımızın www.mfid.az saytı yaradılmışdır".
QHT sədri həmçinin bildirib ki, 2024-cü ildə əldə etdiyimiz təcrübəyə, cəmiyyətin ehtiyaclarına və müasir çağırışlara əsaslanaraq təşkilatımızın 2025-ci il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirmişik: "Bu istiqamətlər istehsal və satış fəaliyyəti ilə məşğul olan sahibkarların ixrac fəaliyyətinin genişləndirilməsi və bu sahədə dövlət dəstəyi haqqında maarifləndirilməsi, sosial sahibkarlıq, həssas qrupa daxil olan insanların, xüsusən də qadınların sahibkarlıq fəaliyyətinin təşviqi, gənclərin məşğulluq imkanlarının artırılması, rəqəmsal məşğulluq və biznes layihələrin hazırlanması, və icrası sahəsində nəzəri, texniki dəstəyin verilməsidir".
Sənan Yəhyanın 2024-cü ildə Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyinin fəaliyyətinə dəstək verən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyinə təşəkkür edib: "Təşkilatımızın dəyərlərini və məqsədlərini bölüşən sahibkarları əməkdaşlığa dəvət edirik. Düşünürük ki, sahibkarlarla, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər, xüsusilə həssas qruplarla daha çox iş görə bilərik!".
Pərvanə Fərhadqızı