"İsrail Qəzza bölgəsində əsas məqsədinə nail ola bilməyib, indi HƏMAS-la atəşkəs barədə razılığına gəlməyə məcburdur..."
İran İsraili potensial total müharibə ilə bağlı xəbərdar edib
Əgər İsrail Tehrana qarşı daha bir hərbi hücum həyata keçirərsə, genişmiqyaslı müharibə riskinə gedəcək.
Moderator.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçı Çinin CCTV televiziya kanalına müsahibəsində bəyan edib.
O, ölkəsinin diplomatik səylərə sadiq olduğunu və İsrail tərəfindən hər hansı bir təcavüzə tam cavab verməyə hazır olduğunu vurğulayıb.
"Biz sionist rejimin yeni hücumlarına qarşı tam hazırıq. Ümid edirəm ki, İsrail belə məsuliyyətsiz addımlardan çəkinəcək, çünki bu, total müharibəyə səbəb ola bilər", – deyə İran diplomatiyasının rəhbəri qeyd edib.
"Biz inanırıq ki, sağlam düşüncə sonda üstün gələcək və ciddi nəticələrə səbəb ola biləcək hərəkətlərin qarşısını alacaq”, - deyə o, əlavə edib. Araqçı İranın bölgə və beynəlxalq müttəfiqləri, o cümlədən Çinlə əməkdaşlıq edərək gərginliyin azaldılması və dunc nizamlanmaya nail olunması səylərinə sadiq olduğunu vurğulayıb.
Araqçının fikrincə, İsrail Qəzza zolağında hərbi kampaniya zamanı əsas məqsədinə çata bilməyib: "Sionist rejim HƏMAS-ı məhv etmək məqsədilə Qəzzaya daxil olub, lakin bu gün həmin HƏMAS-la atəşkəs haqqında razılığa gəlməyə məcburdur".
O bildirib ki, BMT Təhlükəsizlik Şurası İsraili dayandıra bilməyib, çünki ABŞ İsrailə qarşı bütün qətnamələrə veto qoyub. "Amma beynəlxalq ictimaiyyət İsrailin cinayətlərini davam etdirməsini dayandırmaq üçün addımlar atmaq və ABŞ-a, Avropa ölkələrinə və İsrail rejiminə təzyiq göstərmək üçün mənəvi məsuliyyət daşıyır", - Abbas Araqçı vurğulayıb.
Araqçı əlavə edib ki, Livanın "Hizbullah" qruplaşması müvəqqəti atəşkəs dövründə artıq bərpa olunub. "Hizbullah" Livanda həmçinin böyük sosial bazaya sahib olan siyasi qüvvədir. "Hizbullah" Livanda əhəmiyyətli siyasi mövqeyə malikdir və bunu davam etdirəcək”, - naziri bildirib.
Bundan əvvəl bənzər açıqlamalarla "Hizbullah" liderlərindən Naim Qasim çıxış edib. O da qruplaşmanın gücünü bərpa etdiyini və İsraili "atəşkəs razılaşmasının pozulması" barədə xəbərdar etdiyini vurğulayıb. "Atəşkəs dövründəki səbrliliyimiz rəqibin davranışından asılıdır və 60 günlük atəşkəsin bitməsindən əvvəl də tükənə bilər", – deyə Qasim hədələyib.