İranın xarici işlər naziri Abbas Əraqçı Çin mediasına müsahibəsində bildirib ki, İsrailin İrana mümkün hücumu böyük müharibəyə səbəb olacaq. O, Tehranın İsrailin mümkün hücumuna hazır olduğunu diqqətə çatdırıb.
Nazir Təl-Əvivin bu cür addımları ilə bağlı xəbərdarlıq xarakterli bəyanat verib. Deyib ki, mümkün eskalasiya iki ölkə arasında tammiqyaslı münaqişəyə gətirib çıxara bilər.
Suriya, Fələstin və Yəməndə dayaqlarını itirən, faktiki olaraq Dəməşqdən qovulan, hətta hərbi-siyasi dəstək verdiyi HƏMAS-ın siyasi lideri İsmayıl Haniyəni Tehranın mərkəzində qoruya bilməyən, Təl-Əvivin raket hücumuna məruz qalaraq ciddi itkilərlə üzləşən İranın İsraillə açıq müharibə aparması nə dərəcədə realdır? Abbas Əraqçının son bəyanatını ciddi qəbul etmək olarmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İran hakimiyyəti Qəzza zolağında, Livanda təkcə qüvvələrinin zəifləməsi ilə üzləşməyib, eyni zamanda de-fakto əldə etdiyi torpaqları itirir.
Onun sözlərinə görə, Dəməşqdə də Tehran hakimiyyəti yalnız Bəşər Əsədin süqutu ilə üzləşməyib, həm də Suriya kimi böyük ərazini, neft ölkəsini, İsrailə ən yaxından güclü təsir edə bilmək, “Hizbullah”a yardım göstərmək imkanlarından məhrum olub: “Bütün bunlar Tehran hakimiyyətini çox məyus edib. Bu hadisələr Tehran hakimiyyıətinə qarşı beynəlxalq ictimaiyyətin bir aksiyası da sayıla bilər. Tehranın arxalandığı, güvəndiyi Çin və Rusiya İran hakimiyyətini HƏMAS, “Hizbullah”, Bəşər Əsəd məsələlərində dəstəkləmədi. Bu o deməkdir ki, İran rəhbərliyi, oradakı rejim beynəlxalq qüvvələr, ictimaiyyət tərəfindən təkləndi və regiondan, bu ərazilərdən kənarlaşdırıldı. Bu baxımdan İran hakimiyyəti məyus olub. Çünki güvəndiyi Rusiya və Çin Tehranı təklənmiş vəziyyətdə qoydu. Bu isə Tehran hakimiyyətinin özü barəsində ciddi fikirləşməyə məcbur edə bilər. Oxşar hadisələr perspektivdə bu hakimiyyətin başına da gələ bilər. Ona görə də həm regiondakı qüvvələrin ayaqda saxlanılması, həm də revanş cəhdləri etmək üçün İran rəsmiləri bu sayaq açıqlamalar verirlər. Məsələn, İranın ali rəhbəri Seyid Əli Xamenei bəyanat verir ki, Suriyada gənclər gəlib indiki hakimiyyətləri qovacaq, orada yeni qüvvələr hakimiyyətə gələcək. Gah deyir ki, Suriya işğal olunub. Gah da Tehran hakimiyyətinin ayrı-ayrı təbliğatçıları təriqətlərarası münasibətləri qızışdırmağa cəhd göstərir. Eyni zamanda molla rejimi region ölkələrini, regiondan kənar ABŞ-ni, Böyük Britaniyanı, Türkiyəni, Azərbaycanı bölgədəki vəziyyətlə bağlı ittiham edir. Bunlar Tehran hakimiyyətinin məyusluğunun nəticəsidir”.
Siyasi şərhçi qeyd edib ki, İrandakı molla rejimi özünə təskinlik tapmaq, daxili və xarici tərəfdarlarının güclü olduğunu göstərmək üçün tez-tez oxşar bəyanatlarla çıxış edir: “Vaxtilə İsrail İrana zərbə endirdikdən sonra Tehran cavab tədbirləri görməli idi. Amma bu baş vermədi. Əksinə, İsrail HƏMAS-ı, “Hizbullah”ı və Suriyadakı Bəşər Əsədi sıradan çıxartdı. “Hizbullah” atəşkəsə razı oldu, HƏMAS da İsraillə anlaşmaya doğru gedir. Suriyada isə yeni qüvvələr hakimiyyətə gəlir. Belə olan halda Tehran hakimiyyəti İraqdakı gücünü saxlamaq üçün bu kimi açıqlamalar verməyə məcburdur. Yayılan məlumatlara görə, yaxın bir həftə ərzində “Həşdi Şabi” qüvvələri təslim olmasalar, onlara qarşı böyük əməliyyatlar başlaya bilər. Yəməndə husiləri sıradan çıxardıb Babül-Məndəb boğazını azad etmək kimi addımların atılması da gündəmdədir. Tehran hakimiyyəti özünün İraqdan, Yəməndən çıxarılmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti böyük müharibə ilə hədələyir. İstər böyük, istər kiçik müharibə baş verərsə, bu, İran hakimiyyətinin sonu olacaq. Əgər İran hakimiyyəti öz ömrünü uzatmaq, davamlı olaraq regionda fəaliyyətini davam etdirmək istəyirsə, real güclərlə fəaliyyətini uzlaşdırmalıdır. Əks halda vəziyyətin radikallaşması, sərtləşməsi, gərginləşməsi hakimiyyətin ziyanına olacaq”.
S.Soltan vurğulayıb ki, artıq İranda sosial, iqtisadi vəziyyət gərginləşməkdədir: “Bu böhran vəziyyəti şübhəsiz ki, hakim təbəqəni də düşündürür. Zərbə təkcə kənardan gəlməz. Tehran hakimiyyəti özü öz içindən də çat verə bilər. Belə bir çatın qarşısını almaq üçün molla rejimi dövlətin başını böyük müharibələrə qatmğa səy göstərər, yaxud bu barədə açıqlamalar verir. Çünki məlum hadisələrdən sonra İran İsrailə hücum edəcəyi ilə bağlı açıqlamalar vermirdi. Sanki susmuşdu. Bəşər Əsəd və digər məsələlər yerbəyer olandan sonra isə yenidən İran İsraili hədələyən çıxışlar edir. Guya müharibəyə başlaya biləcəyi ilə hədələyir. Böyük müharibə deyəndə nəyi, kimi nəzərdə tutur? Kimlə böyük müharibə aparacaq? İsraillə, Pakistanla, Əfqanıstanla, Türkiyə ilə, İraqla, Suriya ilə, yoxsa ərəb ölkələri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə? İran hakimiyyəti böyük müharibəni aparmaq gücündə deyil. Çünki o regionda təkdir. Onun zəif və güclü proksi qüvvələri var. Yeganə olaraq İranın güclü proksi qüvvəsi İraqda qalıb. Odur ki, Seyid Abbas Əraqçinin danışığı və son bəyanatı əvvəlki bəyanatları kimi ciddi deyil. Əraqçi oxşar açıqlamanı Bəşər Əsədin hakimiyyətinin son illərində də verirdi. Nəticə nə oldu? Bəşər Əsəd Rusiyada özünə sığınacaq tapdı, Tehrana güvənmədi. Ona görə də bu, regiondakı məyusluğun təskinlik bəyanatıdır”.
Nailə QASIMOVA