Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus deyil.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunun səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev bildirib.
Onun sözlərinə görə, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır: "Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır".
Xatırladaq ki, 2024-cü ilin noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən bu şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə Dövlət Dəniz və Liman Agentliyi (DDLA) məlumat daxil olub.
Agentlik bu barədə Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreyanın dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.