AZ

UNDP-nin Azərbaycanda milyon dollarla ölçülən qanunsuz qrant əməliyyatları ifşa edilib - ARAŞDIRMA

BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyində UNDP-nin Audit və Tədqiqat Ofisi tərəfindən aparılmış audit yoxlaması ciddi qanun və maliyyə pozuntuları aşkara çıxarıb.

23 QHT-yə qeydiyyatsız 754 570 dollar qrant

APA-nın araşdırması göstərir ki, UNDP-nin Audit və Tədqiqat Ofisi Nümayəndəliyin həm UNDP-nin qrantlarla bağlı şəffaflıq prinsiplərini, həm də Azərbaycan qanunvericiliyini kobud şəkildə pozduğunu aşkarlayıb. Sənəd BMT-nin şəffaflıqla bağlı öhdəliklərindən irəli gələrək UNDP-nin saytına da yerləşdirilib.

Audit yoxlamasından məlum olur ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi 2023-cü ildə ölkədə 23 qeyri-hökumət təşkilatına (QHT) 29 layihə üzrə 754 570 dollar qrantlar verib. Azərbaycan Nümayəndəliyi qrant vəsaitlərini həmin QHT-lərin yaratdıqları MMC-lərlə, yaxud QHT tərəfindən işə götürülmüş şəxslərlə birbaşa müqavilələr bağlayaraq şəxsi hesablara köçürüb. Daha sonra da bu qrantlardan müxtəlif məqsədlər üçün istifadə olunub.

Məsələ ondandır ki, bu qrantların heç biri Azərbaycan qanunvericiliyinə uyğun qaydada dövlət qeydiyyatından keçirilməyib. Yəni, qanunsuz vəsait kimi istifadə olunub. Hesabat sənədində qrant alan QHT-lərin və MMC-lərin adları açıqlanmayıb.

Daha 2.6 milyon dollarlıq saxtakarlıq?

Hesabat sənədində o da qeyd olunub ki, UNDP-nin Azərbaycan Nümayəndəliyi2023-cü ildə Azərbaycanda “QHT-lərin bacarıqlarının artırılmasına” 1.3 milyon dollar, mina əleyhinə proqramın genişləndirilməsinə 1.3 milyon dollar vəsait ayırıb. Yenə də qrantları alan QHT-lər və onların MMC-ləri barədə məlumatlar sənəddə əksini tapmayıb.

Maraqlıdır, UNDP-nin Azərbaycan Nümayəndəliyinin əsas tərəfdaşları olan Britaniya hökuməti, Avropa İttifaqı və Yaşıl İqlim Fondu bu audit yoxlamasından hansı nəticələr çıxarıb?

O da məlum olub ki, Nümayəndəlik 2021-2025-ci illərdə fəaliyyətinə müxtəlif mənbələrdən 90 milyon dollar vəsait cəlb etməyi hədəfləyib. Lakin audit burada 30 milyon dollarlıq kəsir proqnozlaşdırıb. Qəribədir ki, Nümayəndəliyin xərcləri ildən-ilə şişib. Bu, ciddi korrupsiya siqnalı ola bilər.

2023-cü ilin yanvar-dekabr ayları ərzində Nümayəndəlik inkişaf fəaliyyətlərinə 15,2 milyon dollar xərcləyib ki, bu da əvvəlki dövrlə müqayisədə 12 faiz çoxdur.

UNDP-dən qrant alan yerli QHT və MMC-lər hansılardır?

APA özəl mənbələrindən həmin QHT və MMC-lərin adlarının artıq Azərbaycanın dövlət orqanlarına məlum olduğunu öyrənə bilib. Məlumata görə, qeydiyyatsız qrant vəsaitləri daxil olan QHT və MMC-lərlə bağlı hərtərəfli araşdırmalara başlanılıb.

UNDP-nin Audit və Tədqiqat Ofisi hesabatında Azərbaycanda Nümayəndəliyinin belə qrant idarəçiliyini “kritik dərəcədə mənfi” qiymətləndirib, bunu UNDP-nin nüfuzunu sarsıdan amil kimi görüb. O da məlum olub ki, Audit və Tədqiqat Ofisi hələ 2019-cu ildə apardığı audit zamanı Azərbaycan Nümayəndəliyinə qrantlarla bağlı hüquqi yolla hərəkət etməyi tövsiyə edib. Lakin Azərbaycan Nümayəndəliyi bu tövsiyəni də qulaqardına vurub.

Audit hesabatında milli qanunvericiliyin müddəalarına zidd olaraq üçüncü tərəflər vasitəsilə vəsaitlərin QHT-lərə köçürülməsinin səbəb olacağı risklərlə bağlı məqamın vurğulanması da diqqət çəkir: “QHT-lərə hökumətin razılığı olmadan qrant maliyyəsi verilib. Ölkənin qrantlar haqqında milli qanununda beynəlxalq mənbələrdən maliyyələşən QHT-lərlə bütün qrant müqavilələrinin və xidmət müqavilələrinin müvafiq milli orqan tərəfindən qeydiyyata alınması haqqında müddəa var”.

Seçilən
26
8
aznews.az

3Mənbələr