İsveç, Böyük Britaniya, Kanada və Ukrayna İranı 2020-ci ildə “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boinq 737-800” təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə İsveçin Xarici İşlər naziri Mariya Malmer Stenqard bildirib.
“Biz istəyirik ki, İran vurulmuş təyyarə ilə bağlı bütün hüquqi məsuliyyəti üzərinə götürsün”, - deyə diplomat bəyanatda bildirib.
2023-cü ilin iyul ayında Böyük Britaniya, Kanada, İsveç və Ukrayna İrana qarşı 2020-ci ildə Ukraynanın “Boinq 737” sərnişin təyyarəsinin vurulması ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb.
“Ukrayna Beynəlxalq Hava Yolları”nın təyyarəsi 8 yanvar 2020-ci ildə Tehran hava limanından havaya qalxdıqdan sonra qəzaya uğrayıb. İran tərəfinin versiyasına görə, qəzanın səbəbkarı hava hücumundan müdafiə sisteminin operatorudur, çünki təyyarə düşmən hədəfi kimi tanınıb.
Qeyd edək ki, Tehran-Kiyev reysini icra edən “Boinq 737-800 МАУ” sərnişin təyyarəsinin vurulması nəticəsində göyərtədəki 176 nəfər ölüb.