“Bravo” supermarketlər şəbəkəsinin (“Azərbaycan Supermarket” MMC) vətəndaşları aldatdığı üzə çıxıb.
"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ötən il “Bravo”nu istehlakçıları aldatması ilə bağlı 5 dəfə- mayın 22-də, avqustun 26-da, oktyabrın 2-si, 23-ü və 30-da inzibati xəta protokolu tərtib edib.
Belə ki, aparılan yoxlamalar zamanı “Bravo”nun dörd dəfə qida məhsulları, bir dəfə isə qeyri-qida məhsullarının üzərində göstərilmiş qiymətdən baha satılması halı aşkar edilib. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun pozulması deməkdir. Dövlət Xidməti bunu nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsinə əsasən “Bravo”ya qarşı inzibati xəta protokolu tərtib edib.
Xatırladaq ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır. Şirkət “Bravo” supermarketlər şəbəkəsinin idarə edilməsi ilə məşğuldur.
"Cebheinfo.az"