“Barselona”nın 17 yaşlı ispaniyalı cinah hücumçusu Lamin Yamal cari mövsümdə bütün qənimətləri qazamaq niyəytini car çəkib.
Arena.az “Football España” dərgisinə istinadən, yeniyetmə futbolçunun bu barədə qənaətini təqdim edir:
“Bu düzdür ki, “Hansi” (Hans-Diter Flik) tamamilə fərqli oyun üslubuna malik fərqli məşqçidir. Biz onun tələblərinə uyğunlaşmağa çalışmışıq və düşünürəm ki, biz uğur qazanırıq. Bu il İspaniya Super Kubokundan başlayaraq bütün qənimətləri qazanmaq üçün əlimizdən gələni edəcəyik”, deyə Yamal vurğulayıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 7 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 73 oyun, 14 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.