Dünyanın bir çox ölkələrində dövlət məmurları və sahibkarlıqla məşğul olan şəxslərdən gəlir bəyannaməsi tələb edilir. Belə bəyannamələrdə şəxslərin illik gəlirləri və xərcləri müvafiq formada əks olunur. Azərbaycanda bu qayda yalnız məmurlara şamil olub, amma hələ də icra mexanizmi işləmir.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycan hələ 2005-ci ildən BMT-nin bu barədə olan konvensiyasını qoşulub:
“Bu proses məmurlardan başlamalıdır. Yəni dövlət üzərinə öhdəlik götürüb ki, məmurlarla bağlı belə bir qanun qəbul edəcək və bu istiqamətdə mexanizm tətbiq edəcək. Elə həmin il bu mövzuda ayrıca qanun da qəbul olunub. Sözügedən qanunla bağlı dövlət başçısı fərman verib və Nazirlər Kabinetinə həvalə olunub ki, məmurlar üçün gəlir bəyannamənin formasını təsdiqləsin. 20 ildir ki, Nazirlər Kabineti bircə formanı təsdiqləmir”.
Hüquqşünas özünün də bununla bağlı forma hazırladığını və Nazirlər Kabinetinə göndərdiyini də qeyd edib:
“2023-cü ilin aprelində özüm o formanı hazırladım və Nazirlər Kabinetinə, daha doğrusu, baş nazir Əli Əsədova göndərdim. Heç bir cavab verilmədi. Məsələ indiyə kimi də həlsiz qalıb.
Baş nazirə yazdığım məktubda bildirmişdim ki, bunun təsdiq olunmaması elə bir söz-söhbətə səbəb olur. Yəni iddia olunur ki, Nazirlər Kabineti korrupsiya ilə mübarizə aparmaqda maraqlı deyil. Təəssüf ki, həqiqət belə görünür. Bunun başqa adı yoxdur”.
Nazim Hacıyev
Telegram kanalımız