İngiltərənin “Everton” komandasının baş məşqçisi Şon Dayç Premyer Liqa təmsilçisindəki vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, ingilis mütəxəssislə yanaşı, onun dörd köməkçisi də komandadan göndərilib. Artıq klub rəhbərliyi yeni baş məşqçi axtarışına başlayıb. Tezliklə “Everton”un yeni baş məşqçisinin adına aydınlıq gəlməsi gözlənilir.
Liverpul təmsilçisinə müvəqqəti olaraq 18 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi Leyton Beyns rəhbərlik edəcək.
Xatırladaq ki, Şon Dayç 2023-cü ilin yanvar ayından “Everton”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 83 oyuna çıxarıb. “Everton” bu görüşlərdə 26 qələbə qazanıb, 24 heç-heçə edib, 33 məğlubiyyətə üzülüb.
53 yaşlı mütəxəssislə “Everton” arasındakı müqavilənin müddəti 2025-ci ilin yayına qədər idi.
Şon Dayç daha əvvəl ölkəsinin “Uotford” və “Börnli” komandalarına da rəhbərlik edib. İngilis mütəxəssisin məşqçilik karyerasındakı yeganə uğuru “Börnli”ni İngiltərənin 2-ci Liqasının qalibi etməsidir.
“Everton” bu mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Komanda 19 oyuna cəmi 17 xal toplayıb və 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. “Everton” 3 qələbə, 8 heç-heçə və 8 məğlubiyyət görüb.
Britaniya mətbuatının iddiasına görə, “Everton”un baş məşqçisi olmağa əsas namizəd Devid Moyesdir.
Xatırladaq ki, ötən gün İngiltərə Premyer Liqasının digər təmsilçisi “Vest Hem” də baş məşqçisi Xulen Lopeteqini istefaya göndərmişdi. Sözügedən komandaya bundan sonra Qrem Potter rəhbərlik edəcək.