Muxtar Qasımov 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.
QHT.az xəbər verir ki, 1975-1981-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb. Təhsili başa vurduqdan sonra Muxtar Qasımov Xankəndidə yerləşən Təcili Yardım stansiyasında fəaliyyətə başlayıb. 1988-ci ildə erməni silahlılarının Azərbaycana hücumlarının başlanması səbəbilə o, iş yerini Ağdam şəhər mərkəzi xəstəxanasına dəyişməyə məcbur olub. Bir müddət reanimasiya şöbəsində həkim, sonra isə hərbi xəstəxanada baş ordinator vəzifəsində çalışıb. Bu illər ərzində Muxtar Qasımov bacarıqlı və təcrübəli həkim kimi yüzlərlə yaralı əsgərimizin sağalıb yenidən cəbhəyə qayıtmasında əlindən gələni əsirgəməyib. Xocalı faciəsindən sonra isə o, öz taleyini cəbhə ilə bağlayıb. 1992-ci ilin mart ayında Ağdamda yaradılan hərbi hospitalda işə başlayıan Muxtar Qasımov iyun ayında Naxçıvanik, Aranzəmin, Pircamal və Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə hərbi həkim kimi öz bilik və bacarığını bir daha nümayiş etdirib. O, 16 iyun 1992-ci ildə Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Resbublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Ruhu şad olsun!