Bakı, 10 dekabr, AZƏRTAC
Artıq bir müddətdir məlum qlobal hadisələrin, o cümlədən iqlim dəyişikliyi, hərbi münaqişələr və digər reqressiv proseslərin məntiqi nəticəsi olaraq əksər dünya ölkələrində müşahidə edilən böhran və iqtisadi tənəzzül fonunda Azərbaycan 2024-cü ili də müsbət nəticələrlə başa vurdu. Yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev keçən ilin iqtisadi nəticələrinə dair bildirdi ki, Azərbaycanın 2024-cü ildə inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Konkret rəqəmlərə gəldikdə isə ümumi daxili məhsul 4 faizdən çox artıb. Nəzərə almaq lazımdır ki, məhz qeyri-neft sənaye sektorunda artım daha yüksəkdir və bu, 7 faizdən çoxdur. Beləliklə, Prezidentin dediyi kimi, əgər biz dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı həqiqətən də uğurla inkişaf edib. Birmənalı olaraq vurğulamaq lazımdır ki, bu nailiyyətin də təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, düşünülmüş siyasət dayanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov söyləyib.
Prezident İlham Əliyevin ölkəmizin İslam dünyasının inkişafında oynadığı mühüm rol barədə fikirlərinin önəmini vurğulayan deputat əlavə edib ki, Azərbaycanın keçən il beynəlxalq aləmdə əldə etdiyi mühüm uğurlardan biri də D-8 təşkilatına üzv qəbul olunmasıdır. Bu təşkilat təqribən 30 il əvvəl Türkiyənin təşəbbüsü ilə yaradılmışdı və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində təşkilata əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən ilk üzv məhz Azərbaycan oldu. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Ümumiyyətlə, ölkəmiz hər zaman müsəlman aləminin dəyərli üzvü olub. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin İslam həmrəyliyi ilə bağlı atdığı addımlar, ölkəmizdə İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının təşkili – bütün bunlar əlbəttə ki, Azərbaycanın İslam dünyasında da nüfuzunu yüksəldən addımlardır.
“Ölkəmiz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edir. Azərbaycan, həmçinin bir çox müsəlman ölkələrinə yardımlar edib, istər COVID dövründə, istərsə də müxtəlif digər hallarda. Ölkəmiz Fələstin xalqının üzləşdiyi fəlakətlə əlaqədar oraya yardım göstərənlər arasında ön sıralarda olub. Suriyada artıq Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar yardım göndərdi. Prezident xüsusi qeyd etdi ki, biz istənilən digər yardımları göstərməyə hazırıq. Azərbaycan bütün müsəlman ölkələrinin maraqlarını öz maraqları kimi qəbul edir və məhz bu amil də D-8-in genişlənməsi siyasətindən sonra birinci seçimin Azərbaycanla bağlı olmasında mühüm rol oynayıb. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və Prezident İlham Əliyevin dediyi kimi, coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq”, - deyə deputat əlavə edib.
Prezident İlham Əliyevin erməni faşizminin regionumuz üçün doğurduğu təhlükələr barədə açıqlamaların əhəmiyyətinə toxunan G.Qəhrəmanov vurğulayıb: “Azərbaycan həm özünün, həm də ümumilikdə Cənubi Qafqazın tarixində müharibə səhifəsini birdəfəlik bağlamaq üçün əlindən gələni əsirgəmir. Dövlətimizin başçısının dediyi kimi, biz sülh istəyirik. Ancaq görürük ki, Ermənistanın həm özü, həm də onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan silahlandırılaraq,bölgə üçün yenidən real təhdid mənbəyinə çevrilir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ermənistanın birinci prezidenti etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Bu videomaterial yeni ictimailəşdirilib. Prezident İlham Əliyevin dediyi kimi, bunu Ermənistanda da bilirdilər, Ermənistanın müttəfiqləri, havadarları da təbii ki, bilirdilər və onlar bu fikirləri bölüşürdülər. Azərbaycana qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Həm də bu təhlükə təkcə Azərbaycanı deyil, bütün region xalqlarını təhdid edir. Buna görə də faşizm məhv edilməlidir. Əgər Ermənistan hökuməti bunu etməsə, bu zaman Azərbaycan erməni faşizmini özü məhv etməli olacaq”.