İsmayıllı rayonunda 1985-ci il təvəllüdlü Sənan mübahisə zamanı 1988-ci il təvəllüdlü həyat yoldaşı Almazı öldürüb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Göyçay rayonunun kəndində baş verib. Sənan kənddə boşanma ərəfəsində olduğu arvadı Almazın ona xəyanət etməsi səbəbindən qısqanclıq zəminində öldürmək qərarına gəlib.
Bu məqsədlə o, şübhələnməməsi üçün həyat yoldaşını əvvəlcə Şəki 1 saylı mediasiya təşkilatına müraciətləri ilə bağlı etibarnamə əsasında onlara köməklik göstərən, İsmayıllı şəhərində surətçıxarma fəaliyyəti işi ilə məşğul olan şəxsin yanına aparıb.
Orada nikahın pozulması ilə bağlı söhbət aparıldıqdan sonra o, Almazın mobil telefonunu və uşaqların şəxsiyyət vəsiqələrini qaytaracağı vədilə aldadıb, faktiki ayrıldıqları vaxta kimi birlikdə yaşadıqları kəndə, atasına məxsus evə aparıb.
Sənan təxminən saat 13:30-da Almazla qonaq otağında əyləşərək söhbət edib, ondan xəyanət etməsinin səbəbini soruşub. Almazın peşman olduğunu deməsindən sonra bıçaqla ona xəsarətlər yetirib.
Bıçaq zərbələrindən sonra Almaz ərinə su içmək istədiyini bildirib, zala bitişik otaqda su ventilinin yanına gedib. Bu zaman əyilərək su içə bilmədiyini deyib və ərindən stəkan gətirməsini istəyib.
Sənan Almazı öldürməmişdən əvvəl xəyanətinin səbəbini və digər ona maraqlı olan məsələləri öyrənmək məqsədi ilə ona su verməkdən ötrü mətbəxdən stəkan gətirməyə gedib. Bundan istifadə edən qadın su ventilinin yanında olan pəncərəni açaraq çölə tullanıb və qonşu həyətə keçərək qaçmağa başlayıb.
Bunu görən Sənan arvadının arxasınca qaçaraq ona çatıb və özündə olan bıçaqla ona yenidən zərbələr yetirib. Çoxsaylı zərbələr alan qadın vəfat edib.
“Arvadıma inandım”
İstintaq orqanı tərəfindən Sənanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2022-ci ildə Basqal qəsəbəsində yerləşən “Basqal resort”, “Spa” otellərində soyuq qəlyanaltı aşpazı kimi işə başlayıb:
“2023-cü il iyun ayının 1-də işdən çıxdım və fevralın 1-dən martın 8-nə, aprelin 2-dən ayın sonuna qədər işləmək üçün Bakı şəhərinə getdim.
Mart ayında kəndə qayıdanda atam mənə açıq rəngli “VAZ 2106” markalı avtomobilin tez-tez kəndə gəlib-getdiyini dedi, bu məsələ ilə maraqlanmağımı istədi. Almazdan həmin avtomobilin kimin olduğunu bilib-bilməməsini soruşdum. O, maşını tanımadığını dedi. Almaza inanıb bu barədə bir daha maraqlanmadım”.
Sənanın sözlərinə görə, aprelin 2-də yenidən Bakı şəhərinə işləməyə gedib: “Bakıda olduğum zaman Almaz bir neçə dəfə məndən icazə alaraq işlədiyi oteldə işin çox olduğunu bildirdi, oteldə qalacağını dedi. Arvadıma inanıb ona icazə verdim.
Aprelin sonunda kəndə qayıtdım. May ayının sonlarında atam mənə kənddə Almazla bağlı söz-söhbət dolaşdığını, qohumların onu aprelin 14-də “VAZ 2106” markalı avtomobilə minərək kənddən getməsini gördüklərini bildirdi.
Almaz işə hər gün otelə məxsus avtobusla gedib-gəldiyindən onun başqa kişi ilə mənə xəyanət etməsini özüm də dəqiqləşdirdim”.
“Xəyanət etdiyini bildirdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 1-də otelə gedərək arvadı Almazı işdən çıxarıb: “Otelə gedib Almazın hansı tarixlərdə gecə burada qalması ilə maraqlandım. Otelin Asim adlı baş aşpazı Almazın oteldə cəmi iki dəfə - bir dəfə fevral ayında, bir dəfə də mart ayının 8-də gecələdiyini bildirdi.
İyunun 1-də Almazı işdən götürərək Lahıc qəsəbəsinə gedən yolun kənarında maşını saxladım, ondan mindiyi avtomobilin kimə məxsus olduğunu, maşınla hara getdiklərini soruşdum. Bildirdi ki, avtomobilin sürücüsünü tanımır, iş yoldaşı Aqil axşam gələrək onu kənddən götürüb, o, Aqilə “Sərhəd” adlı marketi göstərib, daha sonra maşınla evə qayıdıb. Mən əsəbləşərək Almaza bir şillə vurdum. O, dedi ki, maşını evə sürüm, məsələni evdə aydınlaşdırarıq.