Paytaxtın daha 2 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, AYNA sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 145 və 147 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqə üçün sənədlər 8 fevral 2025-ci il saat 17:00-dək qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 145 nömrəli şəhərətrafı (Mehdiabad qəsəbəsi – “Ulduz” metrostansiyası) və 147 nömrəli şəhərətrafı (Məmmədli qəsəbəsi – “Azadlıq prospekti” metrostansiyası) avtobus marşrutları üzrə 2 Lotda martın 4-də baxılacaq.