AZ

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası

1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini və şərtlərini müəyyən edir.
1.2. Agentliyin vəsaitindən ölkə üzrə rəqəmsal inkişafın təmin edilməsi, o cümlədən yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (həmçinin startapların) təşviqi, habelə innovasiya təşəbbüskarlığının təbliği məqsədilə istifadə edilir.
1.3. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 
1.3.1. innovasiya – iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə yeni yaradılmış və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində (təşkilati-texniki, maliyyə-iqtisadi və digər sahələrdə) tətbiq edilən inzibati, kommersiya, texnoloji və digər xarakterli yeniliklər; 
1.3.2. innovasiya fəaliyyəti – iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə elmi tədqiqat, təcrübə-konstruktor işləri və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş malın (işin, xidmətin), texnoloji prosesin, eləcə də inzibati, kommersiya, texnoloji və digər xarakterli yeniliklərin yaradılmasına, reallaşdırılmasına istiqamətlənmiş fəaliyyət; 
1.3.3. rəqəmsallaşma – məlumatların və ya verilənlərin rəqəmsal formata çevrilməsi prosesi; 
1.3.4. vençur maliyyələşdirilməsi – rəqəmsal texnologiyaların və innovasiya məhsulunun hazırlanmasını və istehsalını həyata keçirən, mikro, kiçik və orta sahibkarlıq subyekti olan, habelə Azərbaycan Respublikasında “Startap” şəhadətnaməsini və ya texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsini alan fərdi sahibkarların innovativ layihələrinə, hüquqi şəxslərin isə nizamnamə kapitalına, qiymətli kağızlarına və iştirak paylarına onların fəaliyyətinin ilkin mərhələsində mənfəət əldə etmək, eləcə də həmin şəxslərin sahibkarlıq fəaliyyətini inkişaf etdirmək və genişləndirmək məqsədilə uzunmüddətli və yüksəkriskli investisiya qoyuluşu. 
1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
1.5. Agentliyin vəsaiti onun dövlət sifarişi əsasında ayrılan məqsədli vəsaitləri, büdcədənkənar vəsaitləri, o cümlədən cəlb etdiyi kreditlər, qrantlar, ianələr, bu Qaydanın 9.1-ci bəndində qeyd edilən, eləcə də qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlər hesabına formalaşır.
1.6. Agentliyin vəsaitindən, bu Qaydanın 1.2-ci bəndində qeyd edilən məqsədlərə uyğun olaraq, aşağıdakı istiqamətlər üzrə istifadə olunur:
1.6.1. ölkənin rəqəmsal infrastrukturunun qurulması, yerli rəqəmsal texnologiyaların, eləcə də rəqəmsal platformaların, həllərin, tətbiqlərin və kontentlərin hazırlanması;
1.6.2. informasiya infrastrukturunun informasiya təhlükəsizliyinin təmini, eləcə də elektron təhlükələrin qabaqlanması və ya qarşısının alınması üçün  rəqəmsal məhsulların (rəqəmsal və ya elektron mühitdə müasir, o cümlədən də rəqəmsal texnologiyalar əsasında (rəqəmsal formatda) yaradılan, təqdim edilən, saxlanılan və istifadə olunan məhsul və ya xidmət) hazırlanmasının dəstəklənməsi;
1.6.3. xidmətlərin rəqəmsallaşdırılması yolu ilə əlçatanlığının və keyfiyyətinin artırılması;
1.6.4. fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı proseslərin rəqəmsallaşdırılması;
1.6.5. innovasiya təşəbbüskarlığının təbliğinin həyata keçirilməsi və belə təşəbbüslərin dəstəklənməsi;
1.6.6. innovativ ekosistemin inkişafının, yerli innovasiya məhsullarının istehsalının və ixracının dəstəklənməsi;
1.6.7. rəqəmsal inkişaf və innovasiyalar sahəsində mütəxəssis hazırlığının dəstəklənməsi. 
2. Vəsaitdən istifadə formaları
2.1. Agentliyin vəsaitinin istifadəsi aşağıdakı formalarda həyata keçirilir:
2.1.1. investisiyalar;
2.1.2. güzəştli kreditlər;
2.1.3. qrantlar;
2.1.4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə (bundan sonra – Agentliyin Nizamnaməsi) qeyd edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq, bu Qaydanın 7-ci hissəsində nəzərdə tutulan formalarda maliyyələşdirmə.
2.2. Agentlik tədbirlərin və layihələrin maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaiti Nazirliklə razılaşdırmaqla ayırır. 
3. İnvestisiya maliyyələşməsi
3.1. İnvestisiya maliyyələşməsi aşağıdakı formalarda həyata keçirilir:
3.1.1. hüquqi şəxsin nizamnamə kapitalına sərmayə qoyuluşu;
3.1.2. hüquqi şəxsin səhmlərinin və ya istiqrazlarının, eləcə də əmlakının, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan digər hüquqlarının əldə edilməsi; 
3.1.3. innovativ layihələrin (startapların) vençur maliyyələşdirilməsi.
3.2. Agentliyin İdarə Heyətinin (bundan sonra – İdarə Heyəti) investisiya maliyyələşməsi barədə qərarı Nazirliklə razılaşdırmaqla, habelə investisiya maliyyələşməsinin edilməsi nəzərdə tutulan hüquqi şəxslərin fəaliyyətinin kommersiya səmərəliliyini əks etdirən biznes planlarının təhlili, həmin şəxslərin təsisçilərinin, habelə digər iştirakçılarının sahibkarlıq fəaliyyəti sahəsində malik olduqları təcrübə və əldə etdikləri nəticələr əsasında qəbul olunur. 
3.3. Agentlik sərmayə qoyduğu hüquqi şəxsin nizamnamə kapitalında 50 (əlli) faiz və daha çox paya malik olmamalıdır. 
3.4. Nazirliklə razılaşdırmaqla, Agentlik investisiya maliyyələşməsi üzrə bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə uyğun olaraq əldə etdiyi aktivləri bazar qiyməti ilə sataraq investisiya maliyyələşməsinə İdarə Heyətinin qərarı əsasında xitam verə bilər.
4. İnvestisiya qoyuluşu qaydası
4.1. İnvestisiya qoyuluşu hüquqi şəxsin və fərdi sahibkarın Agentliyə yazılı müraciəti (hüquqi şəxsin – adı, hüquqi ünvanı, fərdi sahibkarın – soyadı, adı, ata adı, onların VÖEN-i, fəaliyyət sahəsi, investisiya qoyuluşu təklifi və əsaslandırılması qeyd olunmaqla) və ya Agentliyin təşəbbüsü əsasında həyata keçirilir. 
4.2. Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində qeyd edilən formalarda investisiya qoyuluşu aşağıdakı meyarlardan azı üçü üzrə (4.2.1-ci yarımbənd mütləq nəzərə alınmaqla) müsbət göstəricilərə malik olan hüquqi şəxslərə münasibətdə 5–15 illik müddətdə həyata keçirilir:  
4.2.1. hüquqi şəxsin fəaliyyətinin bu Qaydanın 1.6-cı bəndində qeyd edilən istiqamətlərlə bağlı olması;
4.2.2. hüquqi şəxsin “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olması, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübəyə malik azı     2 əməkdaşının (təsisçilər də daxil olmaqla) olması;
4.2.3. hüquqi şəxsin son 1 (bir) il müddətində fəaliyyətini mənfəətlə başa vurması;
4.2.4. hüquqi şəxsin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun aparılması (100 000 (yüz min) manat və daha çox investisiya məbləğinin ayrılması halında nəzərdə tutulur).
4.3. Bu Qaydanın 3.1.3-cü yarımbəndində qeyd edilən formada investisiya qoyuluşu aşağıdakı meyarlardan azı altısı üzrə (4.3.1-ci yarımbənd mütləq nəzərə alınmaqla) müsbət göstəricilərə malik olan fərdi sahibkarlara və hüquqi şəxslərə münasibətdə 5–15 illik müddətdə həyata keçirilir: 
4.3.1. innovativ layihələrin (startapların) bu Qaydanın 1.6-cı bəndində qeyd edilən istiqamətlərlə bağlı olması;
4.3.2. innovativ layihələrin (startapların) iqtisadi səmərəliliyi və mənfəətliliyi, habelə oxşar innovasiya layihələri (startaplar) ilə müqayisədə üstünlüyü;
4.3.3. hüquqi şəxsin son 1 (bir) il müddətində fəaliyyətini mənfəətlə başa vurması;
4.3.4. fərdi sahibkarın və hüquqi şəxsin “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olması, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübəyə malik azı 2 əməkdaşının (təsisçilər də daxil olmaqla) olması;
4.3.5.innovativ layihələrin (startapların) nəticəsinin sosial effektivliyi;
4.3.6. fərdi sahibkarın və hüquqi şəxsin ipoteka, girov və ya digər maliyyə öhdəliklərinin olmaması;
4.3.7. fərdi sahibkarın və hüquqi şəxsin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun aparılması (100 000 (yüz min) manat və daha çox investisiya məbləğinin ayrılması halında nəzərdə tutulur);
4.3.8. innovativ layihələrin (startapların) həyata keçirilməsi nəticəsində texnika və texnologiyaların, məhsul və proseslərin prinsipcə yeni, qənaətcil növlərinin işlənib hazırlanması, yayılması və tətbiq edilməsi sayəsində əlavə dəyər yaradılması;
4.3.9. fərdi sahibkarın və hüquqi şəxsin bazara çıxış strategiyasının mövcudluğu;
4.3.10. innovativ layihələrin (startapların) 18 (on səkkiz) aylıq icra planının mövcudluğu;
4.3.11. Agentlik tərəfindən fəaliyyətinə investisiya qoyulan fərdi sahibkar və hüquqi şəxsin həmin investisiya vəsaiti ilə hansı hədəflərə çatacağına dair əsas fəaliyyət göstəriciləri.
4.4. Bu Qaydanın 4.2-ci və 4.3-cü bəndləri ilə müəyyən edilmiş meyarlar üzrə sənədlər (Agentlik tərəfindən müəyyən edilmiş sənədlərin siyahısı Agentliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilir) araşdırma aparılması üçün fərdi sahibkarlar və ya hüquqi şəxslər tərəfindən Agentliyə kağız daşıyıcıda və ya elektron formada təqdim edilir. İnvestisiya qoyuluşu Agentliyin təşəbbüsü əsasında həyata keçirildikdə, qeyd edilən sənədlər Agentliyin verdiyi sorğu əsasında həmin şəxslər (maliyyələşdirmədə maraqlı olduğu təqdirdə) tərəfindən 10 (on) iş günü müddətində kağız daşıyıcıda və ya elektron formada təqdim edilir. Araşdırmanın həyata keçirilməsinə Agentlik əlavə ekspertlər və mütəxəssislər cəlb edə bilər.
4.5. Bu Qaydanın 4.4-cü bəndinə əsasən təqdim olunması tələb olunan sənədlərin (məlumatların) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda Agentlik həmin sənədləri (məlumatları) fərdi sahibkar və ya hüquqi şəxsdən tələb etmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi fərdi sahibkarın və ya hüquqi şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya fərdi sahibkar və ya hüquqi şəxs tərəfindən təmin edilir.
4.6. İnvestisiya qoyuluşu ilə bağlı müraciətlərə 30 (otuz) iş günü müddətində baxılaraq investisiya qoyuluşunun məqbul hesab olunduğu və ya investisiya qoyuluşundan imtina edildiyi barədə qərar qəbul edilir və qəbul edildiyi gündən 2 (iki) iş günü müddətində müvafiq fərdi sahibkara və ya hüquqi şəxsə sifarişli poçt göndərişi və elektron poçt vasitəsilə göndərilir. İnvestisiya qoyuluşu məbləği 1 000 000 (bir milyon) manat və daha çox olduğu təqdirdə, müraciətlərə baxılma müddəti 10 (on) iş gününədək uzadıla bilər. 
4.7. Bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində qeyd olunan meyarlar üzrə araşdırma nəticəsində fərdi sahibkarın və hüquqi şəxsin müsbət göstəricilərə malik olmadığı müəyyən edildikdə, Agentlik tərəfindən investisiya qoyuluşundan imtina olunur.
4.8. Bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, Nazirliklə razılaşdırmaqla, investisiya qoyuluşu haqqında qərar qəbul edildikdən sonra 15 (on beş) iş günü müddətində investisiya maliyyələşməsinin həyata keçirilməsi üçün fərdi sahibkar və hüquqi şəxslə Agentlik arasında müqavilə imzalanır. Həmin müqavilənin forması Agentlik tərəfindən təsdiq edilir.
4.9. İnvestisiya qoyuluşu Agentliyin təşəbbüsü əsasında həyata keçirildikdə, bu barədə qəbul edilmiş qərar 5 (beş) iş günü müddətində həmin qərarla müəyyən edilmiş fərdi sahibkarlara və hüquqi şəxslərə göndərilir.
5. Güzəştli kreditlərin verilməsi
5.1. Agentliyin vəsaitindən sahibkarlıq subyektlərinə güzəştli kreditlərin (bundan sonra – kredit) verilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları (bundan sonra – müvəkkil kredit təşkilatı) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir.
5.2. Müvəkkil kredit təşkilatları Nazirlik tərəfindən aşağıda göstərilən meyarlara uyğun olaraq müəyyən edilir:
5.2.1. kreditlərin verilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən verilmiș lisenziyanın olması və həmin lisenziyanın alınması tarixindən etibarən azı 3 (üç) il kreditlərin verilməsi ilə bağlı  fəaliyyətinin, o cümlədən  mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə iş təcrübəsinin olması;
5.2.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəziyyətinin qiymətləndirilməsi üzrə təsdiq edilmiş metodikasının olması;
5.2.3. kredit təşkilatlarının prudensial normativlərə və tələblərə cavab verməsi, habelə kredit təşkilatlarına qarşı tətbiq edilən təsir (təshih) tədbirlərinə əməl edilməsi.
5.3. Agentlik müvəkkil kredit təşkilatlarının bu Qaydanın 5.2-ci bəndində qeyd edilən meyarlara uyğunluğunu yoxlayarkən onlardan maliyyə fəaliyyətinin yekunlarına dair son 3 (üç) hesabat ili üzrə auditor yoxlamasından keçməsi barədə sənədləri (maliyyə hesabatı, statistik göstəricilər və s.), eləcə də bu Qaydanın 5.2.3-cü yarımbəndində qeyd edilən meyara uyğunluq haqqında sənədləri əldə edir. Müvəkkil kredit təşkilatları ilə Agentlik arasında vəsaitin ayrılması şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Kredit vəsaiti müqavilənin şərtlərindən asılı olaraq sahibkarlara tam və ya mərhələli şəkildə verilir.
5.4.  Kredit vəsaiti bu Qaydanın 5.10–5.12-ci bəndlərində göstərilən həcmdə və müddətə verilir.
5.5. Müvəkkil kredit təşkilatlarına kreditlərin verilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
5.5.1. müvəkkil bankların Agentlikdən cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının  kapitalının isə 100 (yüz) faizinədək ola bilər;
5.5.2. müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsait üzrə əsas borcu (bu Qaydanın 5.16-cı bəndinin şərtləri nəzərə alınmaqla) və hesablanmış faizləri hər ay üzrə növbəti ayın ilk 3 (üç) əməliyyat günündən gec olmayaraq Agentliyə ödəməlidirlər;
5.5.3. müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəliyi onların sahibkarlıq subyektləri ilə münasibətlərindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin  0,1 faizi həcmində, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə dəbbə pulu ödəyirlər. Müvəkkil kredit təşkilatları 1 (bir) ay müddətində öhdəliklərini icra etmədikdə, Agentlik vəsaitlərin qaytarılması üçün tədbirlər görür;
5.5.4. müvəkkil kredit təşkilatlarının sahibkarlıq subyektlərindən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda və bu sahədə münasibətləri tənzimləyən digər hüquqi aktlarda nəzərdə tutulmayan, eləcə də Agentlik tərəfindən müəyyən olunmuş şərtlərdən başqa digər şərtləri (əlavə faizlərin ödənilməsi və s.) tələb etməsi barədə faktların mövcud olub-olmamasını müəyyən etmək üçün Agentlik Mərkəzi Banka müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə, Mərkəzi Bank yoxlama zamanı həmin faktları aşkar etdikdə, bu barədə Agentliyə məlumat verir. İdarə Heyəti  həmin məlumat əsasında müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatı kimi onun xidmətindən imtina edir.
5.6. Kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı müraciətin qeydiyyata alındığı andan etibarən 10 (on) iş günündən gec olmayaraq öz biznes maraqları və Agentliyin müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər, həmçinin qiymətləndirilmə meyarları əsasında investisiya layihələrini təhlil edərək layihənin maliyyələşdirilməsi, yaxud maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Agentliyin müəyyən etdiyi məlumatları və sənədləri Agentliyə təqdim edir.
5.7. Agentlik 10 (on) iş günü müddətində Agentliyin vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və kiçikhəcmli kreditlər istisna olmaqla, müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində ilkin monitorinqini həyata keçirir. Ekspertizanın və monitorinqin nəticəsindən asılı olaraq Agentlik müraciətlərin təmin olunmasına, yaxud ondan imtina edilməsinə dair İdarə Heyətinin qərarı barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.
5.8. Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Agentliyə sifariş göndərir. Müvəkkil kredit təşkilatının sifarişi əsasında Agentlik 3 (üç) əməliyyat günü müddətində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 (iki) əməliyyat günü müddətində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürür və bu barədə Agentliyə, həmçinin sahibkarlıq subyektinə məlumat verir.
5.9. Müvəkkil kredit təşkilatları Agentliyin vəsaiti hesabına verilən kreditlərdən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında məlumatları hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Agentliyə təqdim edirlər. Təqdim olunacaq məlumatın formasını Agentlik müəyyənləşdirir.
5.10. Sahibkarlıq subyektlərinə Agentliyin vəsaitindən aşağıdakı hədlərdə kredit vəsaiti verilir:
5.10.1. 5 000 manatdan 50 000 manatadək – kiçikhəcmli kreditlər;
5.10.2. 50 001 manatdan 1 000 000 manatadək – ortahəcmli kreditlər;
5.10.3. 1 000 001 manatdan 10 000 000 manatadək – böyükhəcmli kreditlər.
5.11. Agentliyin vəsaiti hesabına hər bir sahibkarlıq subyektinə verilən kreditin (o cümlədən bir investisiya layihəsi üzrə) maksimum həddi 10 000 000 (on milyon) manatdan artıq ola bilməz.
5.12. Agentliyin kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən edilir:
5.12.1. kiçikhəcmli kreditlər üçün – 3 (üç) ilədək;
5.12.2. ortahəcmli kreditlər üçün – 5 (beş) ilədək;
5.12.3. böyükhəcmli kreditlər üçün – 10 (on) ilədək.
5.13. Agentliyin vəsaiti (cəlb etdiyi kreditlər istisna olmaqla) hesabına verilən kreditlərin illik faiz dərəcəsi 1 (bir) faiz, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 (dörd) faizdən artıq olmamaq şərtilə, ümumilikdə kreditlərin illik faiz dərəcəsi 5 (beş) faizədək müəyyən edilir.
5.14. Agentliyin digər mənbələrdən (o cümlədən dövlət borcalmalarının həyata keçirilməsi sahəsində normativ hüquqi aktlara uyğun olaraq) vəsait cəlb edilməsi ilə əlaqədar bağladığı müqavilələrdə nəzərdə tutulmuş faizlər və həmin vəsaitlərin cəlbi məqsədilə Agentliyin xərcləri nəzərə alınmaqla, bu Qaydanın 5.13-cü bəndi tətbiq edilir. 
5.15. Kreditlərdən istifadə üzrə güzəşt müddəti kreditdən istifadə müddətinin ilk      ½ dövrünü (böyükhəcmli kreditlərdə 3 (üç) ildən çox olmamaqla) əhatə edir. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəyir, əsas borc üzrə isə hər hansı ödəniş həyata keçirmirlər. Müvəkkil kredit təşkilatları hər bir kreditdən istifadə üzrə güzəşt müddəti barədə Agentliyə məlumat verməlidirlər.
5.16. Sahibkarlıq subyektləri aldıqları kreditlər üzrə faiz borclarını hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədiyi faizlər və ya əsas borc müvəkkil kredit təşkilatı tərəfindən 3 (üç) əməliyyat günündən gec olmayaraq Agentliyin bank hesabına köçürülür. Müvəkkil kredit təşkilatı həmin vəsaitin Agentliyin bank hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 5.5.3-cü yarımbəndinə uyğun olaraq dəbbə pulu ödəyir. Gecikdirmə 30 (otuz) əməliyyat günündən çox olduqda, İdarə Heyəti müvəkkil kredit təşkilatına yeni vəsaitin ayrılmasını buna əsaslar aradan qaldırılana qədər dayandırır və ya onu müvəkkil kredit təşkilatları sırasından çıxarır.
5.17. Agentlik sahibkarlıq subyektləri tərəfindən əsas borc və faizlərin müvəkkil kredit təşkilatına ödənilməsi müddəti ilə müvəkkil kredit təşkilatlarının Agentliyə köçürməsi müddətinin üzləşməsini apara və ya bunun üçün Mərkəzi Banka müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə, Mərkəzi Bank müvəkkil kredit təşkilatında yoxlama aparan zaman bu məsələni araşdırır və Agentliyə məlumat verir.
5.18. Müvəkkil kredit təşkilatı və həmin təşkilatın lisenziyası ləğv edildikdə, Agentliyin vəsaiti hesabına maliyyələşdirilən kredit portfelinin kompensasiyası “Banklar haqqında” və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 
6. Qrant maliyyələşməsi
6.1. Agentlik fiziki və hüquqi şəxslərin qrant maliyyələşməsini “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqə əsasında həyata keçirir.
6.2. Müsabiqə üzrə müraciətlərin qəbulunu, ilkin təhlilini və qiymətləndirilməsini, habelə bunun üçün müstəqil ekspertlərin seçilməsini Agentlik həyata keçirir. Qrant maliyyələşməsinin prioritet istiqamətlərini, müsabiqə üzrə müraciətlərin qəbulu müddətlərini, müsabiqə şərtlərini, eləcə də layihələrin qiymətləndirilmə qaydalarını Agentlik müəyyən edir.
6.3. Müsabiqənin keçirilməsi üçün Agentlik tərəfindən rəsmi internet informasiya ehtiyatında və sosial media platformalarında, həmçinin media vasitəsilə ərizələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən azı 10 (on) iş günü əvvəl  elan verilir. Müsabiqə elanında müsabiqəni keçirən dövlət qurumunun adı, müsabiqədə iştirak etmək üçün müraciətlərin təqdim edilməsi üsulu, yeri, son tarixi və saatı, müraciətə əlavə edilməli olan sənədlərin siyahısı, habelə müsabiqənin keçirilməsi şərtləri ilə tanışolma yeri və qaydası barədə məlumatlar qeyd olunur.
6.4. Müsabiqədə iştirak üçün hər bir fiziki və ya hüquqi şəxsin, forması Agentlik tərəfindən müəyyən edilən ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 
6.4.1. müsabiqəyə təqdim olunan layihə (layihənin təqdim edilməsi mümkün olmadıqda isə həmin layihə haqqında məlumat);
6.4.2. layihənin icrasına cəlb ediləcək şəxslərin tərcümeyi-halı və işinin təsviri;
6.4.3. ərizəçi fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənədin surəti;
6.4.4. ərizəçi hüquqi şəxs olduqda – hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surəti;
6.4.5. layihəyə tərəfdaş (tərəfdaşlar) cəlb edildiyi təqdirdə, tərəfdaşla (tərəfdaşlarla) birgə fəaliyyətə dair imzalanmış müqavilə; 
6.4.6. layihə üzrə əqli mülkiyyət hüquqlarının qeydiyyatı barədə sənəd (olduğu təqdirdə);
6.4.7. ərizə hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti və etibarnaməsi;
6.4.8. layihənin icra planı;
6.4.9. layihənin xərclər smetası.
6.5. Bu Qaydanın 6.4.3-cü, 6.4.4-cü və 6.4.6-cı yarımbəndlərində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda Agentlik həmin sənədləri ərizəçidən tələb etmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
6.6. Müsabiqəyə təqdim olunan layihə, layihənin icra planı və xərclər smetası Agentlik tərəfindən müəyyən edilən formaya uyğun tərtib edilməlidir.
6.7. Layihələr Azərbaycan dilində, layihə xarici ekspertlər tərəfindən qiymətləndirməyə təqdim olunduqda isə xarici dilə (ingilis və rus dillərinə) tərcümə olunaraq tərtib edilməlidir.
6.8. Müsabiqə iştirakçısının Agentlik tərəfindən keçirilən hər müsabiqə çərçivəsində yalnız bir layihə təqdim etmək hüququ vardır.
6.9. Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər aşağıdakılardır:
6.9.1. layihə və ona əlavə olunan sənədlər Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları, habelə bu Qaydanın müddəaları ilə ziddiyyət təşkil etməməlidir;
6.9.2. layihə Agentlik tərəfindən bu Qaydanın 1.6-cı bəndində qeyd edilən rəqəmsal inkişaf üzrə istiqamətlər və normativ hüquqi aktlar əsas götürülməklə, müəyyən edilən prioritet istiqamətlərə və müsabiqə şərtlərinə uyğun olmalıdır;
6.9.3. layihənin icra müddəti 36 (otuz altı) aydan çox olmamalıdır;
6.9.4. layihənin məqsəd və vəzifələri aydın olmalıdır. 
6.10. Müsabiqəyə təqdim edilmiş layihələrin ekspertizasının keçirilməsi məqsədilə Agentlik tərəfindən Ekspertiza Komissiyası (bundan sonra – Komissiya) yaradılır. Komissiyanın üzvləri rəqəmsal inkişaf sahəsində fəaliyyət göstərən müstəqil ekspertlərdən və Agentliyin əməkdaşları sırasından Agentlik tərəfindən təyin edilir. Komissiyanın üzvləri haqqında məlumatlar müsabiqə dövrü ərzində müsabiqə iştirakçılarına açıqlanmır. 
6.11. Komissiya tək sayda və 3 (üç) üzvdən az, 9 (doqquz) üzvdən çox olmayan tərkibdə formalaşdırılır. Komissiyanın fəaliyyətinə Agentlik tərəfindən müəyyən olunan (Agentliyin Komissiyaya üzv olan əməkdaşları sırasından) şəxs sədrlik edir. 
6.12. Komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu, üzvlərin sayı 3 (üç) nəfər olduqda isə tam tərkibdə iştirak etdikdə baş tutmuş hesab olunur. Komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı Komissiya üzvlərinin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, Komissiyanın sədrinin səsi həlledici sayılır. Komissiyanın sədri axırıncı səs verir.
6.13. Müsabiqəyə təqdim olunan bütün layihələrin ekspertizası iki mərhələdə həyata keçirilir:
6.13.1. layihələrin ilkin ekspertizası;
6.13.2. layihələrin qiymətləndirməsi üçün kompleks ekspertizası.
6.14. Layihələrin ilkin ekspertizası Komissiya tərəfindən 15 (on beş) iş günü müddətində keçirilir, nəticələr sistemləşdirilir və qərar qəbul edilir. 
6.15. Layihələrin ilkin ekspertizası zamanı aşağıdakı məsələlər həll olunur:
6.15.1. müsabiqəyə təqdim edilmiş layihələrin və əlavə olunmuş sənədlərin bu Qaydanın 6.4-cü, 6.6–6.9-cu bəndlərinin tələblərinə uyğunluğu yoxlanılır;
6.15.2. təkrar təqdim olunmuş və ya oxşar layihələr müəyyən edilir;
6.15.3. layihəni təqdim etmiş şəxsin Agentliyin maliyyə dəstəyi ilə əvvəl icra etdiyi layihələrin başa çatdırılma, hesabatlılıq, eləcə də həmin layihələr üzrə ayrılan vəsaitdən təyinatı üzrə istifadə etmə vəziyyəti araşdırılır. 

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr