Serbiya sanksiyalar səbəbindən Rusiyadan silah sistemlərinin tədarükünə dair bəzi sazişlərə xitam verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Novosti” nəşrinə müsahibəsində Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milan Moysiloviç bildirib.
Onun sözlərinə görə, Rusiya istehsalı silah sistemləri bir çox ölkənin Silahlı Qüvvələri tərəfindən istifadə olunur və bir neçə ölkədə lisenziya əsasında istehsal edilir: “Moskvaya qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, biz ehtiyat hissələrin tədarükü və hərbi texnikaya texniki xidmətin göstərilməsinin davamlı və çevik yolunu tapmışıq”.
Daha sonra Rusiyadan yeni silah sistemlərinin alınması və tədarükü ilə bağlı danışan Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu məsələdə vacib məqəmlara toxunub.
“Rusiya Federasiyasından silahların tədarükünə gəlincə, bu, hazırda praktiki olaraq mümkün deyil. Biz diplomatik kanallarla yeni yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışırıq. Qlobal müstəvidə beynəlxalq münasibətlərdə vəziyyətin normallaşacağı və razılaşmaların həyata keçirilməsinə şərait yaradacağı ümidi ilə bəzi sazişlərə xitam verdik, digərlərini isə təxirə saldıq”, – deyə M.Moysiloviç qeyd edib.