“Bayern”in və İngiltərə yığmasının ulduz mərkəz hücumçusu Harri Keyn özünü “Qızıl top”a layiqli namizəd hesab etdiyini bildirib.
Arena.az “Ekip” dərgisinə istinadən, ingilis ulduzun bu barədə fikrini təqdim edir:
“Əlbəttə, mən bu barədə düşünürəm! Düzünü desəm, bu barədə xəyal edirəm. Düşünürəm ki, çıxışım məni bu mükafata layiqli namizəd edir. Mən “Bayern” və İngiltərə yığması kimi komandalarda oynayıram, onlar üçün böyük qənimətlər uğrunda mübarizə aparmaq adi haldır.
Mən “Qızıl top”u uşaqlıqdan arzulamışam və onu Lionel Messi və Kristiano Ronaldo qazananda isə ona daha çox xüsusi parlaqlıq verirdilər”, deyə Keyn vurğulayıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 21 oyuna çıxıb, 21 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 66 oyun, 65 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində komanda səviyyəsində hələ, bir qənimət belə, qazana bilməyib.