Suriyada Əsəd rejiminin devrilməsi ilə İsrail və Türkiyə Ərdoğanın HƏMAS-ı dəstəkləməsinin yaratdığı fikir ayrılıqlarının qalmasına baxmayaraq, gərginliyin azaldılmasında maraqlı olduqlarını nümayiş etdiriblər.
Bu kontekstdə Azərbaycan hər iki tərəfin maraqlarını əlaqələndirərək mühüm vasitəçilik rolunu oynaya bilər.
“The Times of Israel”in məlumatına görə, 2024-cü ilin dekabrında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İsrailə səfər edib, orada xarici işlər naziri və ölkə prezidenti ilə görüşlər keçirib.
Danışıqlar Ankara ilə Təl-Əviv arasında gərginliyin azaldılmasına kömək edib, həmçinin dialoq kanallarının açıq qalmasını təmin edib.
Bundan əlavə, Bakı regional sabitliyin möhkəmləndirilməsi və gələcək qarşılıqlı fəaliyyət üçün əsas ola biləcək Azərbaycan, İsrail və Türkiyə arasında üçtərəfli strateji əməkdaşlıq formatının yaradılması təşəbbüsü ilə çıxış edib.
Məqalədə qeyd olunur ki, geosiyasi vəziyyətin dəyişməsi fonunda Türkiyə-İsrail münasibətlərinin nizamlanmasında Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir.