AZ

Renat Dadaşov və Vüsal İsgəndərli oynadılar, Həsən Nəzərov…

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 19-cu turu çərçivəsində “Amedspor”la qarşılaşıb.

Ankara təmsilçisi səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Renat qarşılaşmanın 72-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 2 qol və 1 məhsuldar ötürmə müəllifi olan azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib. Onun komandası isə 90+6-cı dəqiqədə buraxdığı yeganə qol nəticəsində xalsız qalıb.

“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə sonadək ehtiyatda qalıb.

“Ankaragücü” 19 turdan sonra 27 xalla 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Futbolçularımızın komandası 19 oyunda 8 qələbə qazanıb, 3 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 4 oyun keçirib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” da bu gün növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Adanaspor”la üz-üzə gəlib və 3:1 hesabıyla qələbə qazanıb. Vüsal bu oyunun 90+1-ci dəqiqəsində meydana buraxılıb.

Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 22 matça çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

“Boluspor” 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Vüsalın komandası 19 oyunda 8 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət görüb.

Seçilən
17
2
arena.az

10Mənbələr