Maraqlıdır, barəsində şikayət olan həkimlər necə fəaliyyətini davam etdirə bilir? Həmçinin həkimlərin işləmək üçün icazə prosesi necə baş tutur?
Olaylar bildirir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, son dövrlər plastik əməliyyatla bağlı klinikalarda ölüm hallarının artmasının müəyyən obyektiv və subyektiv səbəbləri var.
Onun sözlərinə görə, vətəndaşlar plastik əməliyyatla bağlı həkim seçərkən olduqca diqqətli olmalı, sosial şəbəkələrdəki saxta və cəlbededici reklamlara aldanmamalıdır. Vəkil qeyd edib ki, həkimin icazə olmadan fəaliyyət göstərməsi qanunsuzdur:
"Təcrübədə rastlaşdığım və şəxsi müşahidələrimə əsasən, plastik əməliyyat edən bir çox həkimin ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş sertifikasiya şəhadətnaməsi yoxdur, ya da ümumiyyətlə həkim deyil. Bəzən isə ümumi cərrahlar müvafiq icazə almadan bu əməliyyatı yerinə yetirirlər. Plastik əməliyyat aparmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən mütləq qaydada icazə alınmalıdır. Belə icazə olmadan fəaliyyət göstərən həkimin hərəkətləri qanunsuzdur. Hətta belə həkimlərin fəaliyyətinə şərait yaradan tibb müəssisələri və klinikaların özləri də məsuliyyət daşıyır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Əməliyyatı qanunsuz icra edən həkim isə xəsarətin dərəcəsindən Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun şəkildə cinayət məsuliyyəti daşıyır".
"Xəbər saytlarında gördüyüm qədər hazırda qeyd etdiyiniz məsələ həm Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, həm də hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır. Əminəm ki, əməldə təqsirləri müəyyən olunarsa, məsul həkim və tibb müəssisəsi ən sərt şəkildə cəzalandırılacaqlar",- vəkil əlavə etdi.