AZ

AzMİU və Özbəkistan universitetləri arasında beynəlxalq əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşkilatçılığı ilə Daşkənd Memarlıq və İnşaat Universiteti və İslam Kərimov adına Daşkənd Texniki Universitetinin müvafiq kafedraları arasında birgə beynəlxalq elmi seminar keçirilib. Seminar hər iki ölkənin ali təhsil sistemləri arasında dərinləşən əməkdaşlığın, elmi-tədqiqat sahəsində yeni üfüqlərin başlanğıcı kimi dəyərləndirilib.

Universitetdən AzEdu.az-a bildirilib ki, onlayn şəkildə təşkil olunan seminarda AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan əvəzi dosent Elgiz Həsənov, Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov, kafedranın əməkdaşları, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və müdir müavini Könül Şirinova iştirak ediblər. 

Özbəkistan universitetlərindən isə seminara Daşkənd Memarlıq və İnşaat Universitetinin akademik fəaliyyət üzrə prorektoru professor Rüstəmxan Xadjayev, elm və innovasiya üzrə prorektoru dosent Dildora Mircəlilova, Beynəlxalq şöbənin müdiri Aida Tolipova, Mühəndislik fakültəsinin dekanı Dilşaod Xolikov, Mühəndis kommunikasiyaları kafedrasının müdiri D.Mahmudova, İ.Kərimov adına Daşkənd Texniki Universitetindən professor M.A.Koroli, dosentlər X.İsaxocayev, A.İvanisova və hər iki universitetin aidiyyəti kafedralarından tanınmış alimlər qatılıblar. Tədbirdə eyni zamanda Daşkənd Elmi-tədqiqat İrriqasiya və Su Problemləri İnstitutundan nümayəndələr, gənc tədqiqatçılar da iştirak edərək elmi müzakirələrə yeni baxış gətiriblər. 

AzMİU ilə Özbəkistan universitetləri arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və professor-müəllim heyətinin təcrübə mübadiləsinin artırılması barədə konkret qərarlar qəbul edilib. Tərəflər bu əməkdaşlığın regionun mühəndislik və elmi inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor N.Y.Məmmədov, dosentlər G.H.Feyziyeva və M.M.Cavadova, eləcə də Daşkənd universitetlərindən tanınmış alimləri öz təqdimatları ilə diqqət çəkiblər.

Seminar zamanı Daşkənd Memarlıq və İnşaat Universiteti ilə AzMİU arasında imzalanan müqavilə əsasında uyğun kafedralarda aparılan elmi-tədqiqat işləri, eyni zamanda gələcəkdə birgə yerinə yetirilməsi mümkün olan elmi işlər haqqında birgə müzakirələr də aparılıb. 

Yüksək səviyyədə keçən seminarda kafedralar gələcək elmi-pedaqoji əlaqələrin daha intensiv şəkildə aparılmasını qərara alıblar.

Elmi seminar AzMİU-nun regional və qlobal səviyyədə elmi əməkdaşlıq baxımından necə mühüm bir mərkəzə çevrildiyini bir daha təsdiqləyib. Gələcəkdə daha geniş miqyaslı layihələrin başlanğıcı olmaqla yanaşı, gənc tədqiqatçılara beynəlxalq elm aləminə inteqrasiyaya şərait yaradacaq.

Seçilən
7
2
azedu.az

3Mənbələr