Rusiya xarici işlər naziri Sergey Lavrovun adından azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanlandığı iddia edilən, “Rusiya öz hava məkanının təhlükəsizliyinə zəmanət verə bilməz” sözlərinin əksini tapdığı məktubun, rəsmən təkzib edilməsəydi belə, feyk olduğu bəlli idi.
Birincisi, heç bir ölkə “hava təhlükəsizliyinə zəmanət verə bilmədiyini” rəsmi şəkildə dilə gətirməz, hətta nə qədər problemlər olsa belə. Rusiya kimi qlobal güc mərkəzlərindən biri isə ümumiyyətlə bu haqda danışmaz.
İkincisi, Lavrovun adından yayılan məktubun ingilis dilində olması “hər şeyi” ifadə edirdi. Rusiya xarici işlər naziri post-sovet coğrafiyasındakı Azərbaycana məktubu niyə başqa dildə yazsın?!
Bu iddianı Azərbaycan mediası diqqətdən kənarda buraxmışdı – yalnız Rusiya XİN-in təkzibi ilə bu xəbər mediada işıqlandırıldı. Çünki iddia primitiv idi, hərçənd, seçilən motiv – AZAL-ın təyyarəsinin Rusiya tərəfindən vurulması, Bakı-Moskva arasında gərginliyin yaşanması və gözləntilərin (Rusiyanın günahı qəbul etməsi, günahkarın cəzalandırılması və kompensasiya ödənilməsi) hələ də qalması fonunda kifayət qədər mühümdür. Və bu motivin seçilməsi primitiv iddianın hədəfini aydınlaşdırır:
- Bakı-Moskva münasibətlərini gərginləşdirmək,
- Rusiyanı öz gücsüzlüyünü etiraf edən tərəf kimi göstərmək və s.