Peru prezidenti Dina Boluarte iki həftə burun əməliyyatı üçün üzərinə düşən vəzifəni yerinə yetirmədiyi iddiası ilə bağlı ifadə vermək üçün prokurorluğa çağırılıb.
Hafta.az-ın “El País”ə istinadən yazdığına görə, Boluarte bazar ertəsi prokurorluq binasından çıxarkən jurnalistlərə açıqlama verməyib.
May ayında İspaniya mətbuatında dərc olunan xəbərlərdə 62 yaşlı liderin 2023-cü ilin iyulunda burnundan əməliyyat olunduğu və bu müddət ərzində iki həftə vəzifəsini yerinə yetirmədiyi iddia edilmişdi.
Qanuna görə, Boluarte ictimaiyyəti məlumatlandırmalı, müvəqqəti əvəzedici təyin etməli və ya səlahiyyətlərini Konqresə ötürməli idi.
Boluartenin komandası liderin tənəffüs problemi yaşadığını, ona görə də rinoplastika əməliyyatı keçirdiyini bildirir. Rinoplastika, plastik cərrahiyyə əməliyyatı burnun formasını dəyişdirir.
Peru liderinin komandası Boluartenin əməliyyatdan sonrakı dövrdə "öz vəzifələrini uzaqdan yerinə yetirdiyini" iddia edir. Bəzi müxalifət deputatları Boluartenin istefasını istəyir.
Digər tərəfdən, "Hildebrandt ensus Trece" qəzetində may ayında dərc olunan xəbərdə Boluartenin əməliyyatını edən cərrahın Mario Kabani Ravello olduğu bildirilib. Onun ölkədəki bir çox məşhur adı əməliyyat etdirdiyi diqqətə çatdırılıb və Boluartenin "əməliyyatı səhhətində problem deyil, estetik qayğıya görə etdiyi" iddia edilib.
Peru son vaxtlar siyasi böhranla mübarizə aparır. 28 iyul 2021-ci il tarixindən 2022-ci il dekabrın 7-dək vəzifədə olan Pedro Kastillo 7 dekabr 2023-cü ildə Konqresdə keçirilən səsvermədə hökuməti devirməyə cəhd etdiyi səbəbi ilə vəzifəsindən azad edilmişdi.
Böyük etirazlara səbəb olan qərardan sonra Boluarte vəzifəyə təyin edilib. Onun səlahiyyət müddəti 2026-cı ilin iyulunda başa çatacaq.
Ölkə tarixində ilk qadın dövlət başçısı olan Boluarte də mal-mülk bəyannaməsində göstərmədiyi Rolex markalı saatlara görə çətin vəziyyətə düşüb. Ötən il martın 30-da polis liderin evinə basqın edib. “Rolexgate” qalmaqalı kimi tanınan hadisədə Boluarte lüks saatları siyasi müttəfiqi Ayacuço Regional Qubernatoru Vilfredo Oskorima tərəfindən ona borc verdiyini və sonradan geri qaytardığını iddia edib.