Xocalıda nəşi tapılan şəhidimiz Akif Seyidulla oğlu Mahmudovun Ceyranbatanda torpağa tapşırılması barədə xəbəri oxuyanda yadıma o düşdü – qonşum olmuş şəhid Akif Əbdüləli oğlu Mahmudov. Eyni ad-soyadlı, oxşar taleli igidlərin hər ikisi 32 il əvvəl Qarabağda həlak olub. 30 yaşında Xocalıda itkin düşən Akif Seydulla oğlunun nəşi 32 il sonra orada qazıntılar zamanı kütləvi məzarlıqda tapılıb. 40 yaşında həlak olan Akif Əbdüləli oğlu isə elə o vaxt Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib...
Qonşum Akif Sumqayıt Kompressorlar zavodunda işləyirdi, mühəndis idi. Cəbhəyə getdiyini çox sonra eşitdim. Şəhidlik xəbəri gələndə fevral ayının şaxtalı bir günü idi. Bütün qonşular onun ölümünə vaysındılar. Sumqayıt Şəhidlər xiyabanında dəfnində ruhuna böyük ehtiramla iştirak elədik.
Deyilənə görə, Akif atıb-tutmaqda babası Hüseynxan kişiyə çəkmişdi. Hüseynxan cavanlığında Zəngəzurun tanınmışlarından olub. Qaçaq Nəbinin dəstəsində vuruşub, atını çapa-çapa tüfəngindən açdığı atəşlər hədəfdən yayınmazmış. Elə Akifin adını da o,
qoyubmuş. Bu ad özündə çalışqan, məqsədyönlü, bir şey üzərində əzmlə dayanan, müqavimət göstərən, təmkinli, qərarlı mənalarını ehtiva edir.
Nankor ermənilər əzəli torpağımız olan Qarabağa sahib çıxmaq istəyəndə Akif Mahmudov cəbhəyə yollanaraq istehkamçı baş leytenant kimi Vətən savaşına qoşulub və 3 ilə qədər döyüş bölgələrimizdə olub. Hünər yolu Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulidən keçib. Nə qədər ərazini düşmən minalarından təmizləyib. Qafanla sərhəd zonasında yerə basdırdığı minalarla isə işğalçıların o səmtdən yolunu kəsib, onları xeyli itkiyə məruz qoyub. Akif Mahmudov yeri gəldikcə avtomat silahına sarılaraq saatlarla vuruşub da.
Qubadlıda üzünə qəlpə dəymişdi, düşmən gülləsi topuğunu cızıb keçmişdi. Düşmənə itki verə-verə geri çəkilərkən Xudafərin tərəfdə bir ay blokadada qalmış və möhkəm soyuqlamışdı. Ələt hospitalında müalicə alıb sağalandan sonra yenidən silahdaşlarının yanına qayıtmışdı. Hərbi təcrübəsi, bilik və bacarığı cəbhədə çox kara gəlirdi.
Akif Mahmudovun son döyüşü fevral ayında Füzulidə olub. Dostları deyirdilər ki, həmin gün Akif, sanki, qəzəbli şirə dönmüşdü. Od saça-saça hey irəli can atırdı. Neçə düşmən əsgərini yerə sərdi və birdən ikiəlli başını tutub torpağa çökdü. Bir daha dura bilmədi. “Heyf ki, səndə hayıfım çox qaldı, düşmən!..” – dedi son dəfə. Onun qisasını dostları aldılar: Həmin gün bizimkilər Horadiz stansiyasını tutdular...
İlk ildönümü ərəfəsində Azərbaycan radiosu üçün Akifin haqqında oçerk hazırlamaq üçün evlərinə getmişdim. Həyat yoldaşı Elza müəllim, övladları Gülnarə, Ruslan və Rövşən kədər içində idilər. Elza xanımın xatirələrini lentə almaq istədim. Qəhər onu elə boğurdu ki, bir kəlmə də danışa bilmədi. Əvəzində qızı Gülnarənin səsini yazmalı oldum. “Yaxşı yadımdadır, – dedi, – atam cəbhədən evə gəlmişdi. Anam 3 uşaqla onsuz çətinlik çəkdiyini bildirəndə qayıdıb dedi ki, dözməlisiniz, hər kişi ailəsinə görə evdə otursa, bəs torpağı kim qoruyar? Mənim hərbi təcrübəm var, şəhərdə qala bilmərəm... Biz atamın bu sözlərinin qarşısında aciz qaldıq. Hərdən anamla mən qardaşlarımdan gizli ağlayırdıq ondan ötrü. Qorxurduq ki, başına bir iş gələr. Amma Ruslan da, Rövşən də həmişə onunla fəxr edirdilər, şax gəzirdilər həyət-bacada. Elə indi də özlərini sındırmırlar. Ucaboy, vüqarlı, mərd atamız bizim gözümüzdə böyük bir qəhrəmandır. Sumqayıt Şəhidlər xiyabanı arxa eyvanımızdan görünür. Atamın ruhu, bəlkə də, evimizin üstündə dolaşır. Məzarını ziyarət edəndə, sanki, başdaşındakı şəkli deyir: “Balalarım, şəhid oldum ki, Vətən yaşasın”.
Onun ata evinin divarına xatirə lövhəsi vurulub, hər dəfə oradan keçəndə bir anlıq ayaq saxlayır, ruhunu yad edirəm. Sumqayıt Şəhidlər xiyabanındakı məzarı önündə də yüz dəfələrlə xəyala dalmışam. Mavi Xəzər mehriban ana kimi xiyaban-beşikdəki şəhid oğullarına, sanki, həzin layla oxuyur. Mən də yuxarıda bəhs etdiyim radiooçerk üçün yazdığım misraları yada salıram:
Döyüşlərdə ildırımtək
Çaxdı, getdi Akif belə.
Dik, ölümün gözlərinə
Baxdı, getdi Akif belə.
Mərd adına mərd isinər,
Güllələrə gərdi sinə.
Uydu fələk gərdişinə,
Çıxdı, getdi Akif belə.
Demə, unutdu torpağı,
Ucada tutdu torpağı.
Öz bağrına bu torpağı
Sıxdı, getdi Akif belə.
Yada düşər bir dost kimi,
İşıqlıydı gündüz kimi.
Kəhkəşanda ulduz kimi
Axdı, getdi Akif belə...
Əli NƏCƏFXANLI