Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı vəziyyətin yaxşılaşdırılması üçün göstərilən səylərə töhfə vermək istədiklərini ifadə edərək, Yaxın Şərqdən çıxmayacaqlarını bildirib. O, bu barədə Moskvada keçirdiyi mətbuat konfransında bildirib.
Suriyadakı vəziyyəti qiymətləndirən Sergey Lavrov deyib: "Yaxın Şərqdən çıxmırıq. Suriyada bəzi hadisələr baş verdi və bunun səbəbi son 10 ildəki siyasi proseslərin ləngiməsidir".
Sergey Lavrov ABŞ-ın Suriyanın şərqindəki torpaqları işğal etdiyini vurğulayıb və bu bölgədə neft yataqlarının olduğunu qeyd edib. O, əlavə edib ki, bu resurslar Suriyanın şimal-şərqindəki separatçı ünsürlərə dəstək üçün istifadə olunur.
Suriyadakı kürdlərə Dəməşqlə körpü yaratma təklifi etdiklərini xatırladan Sergey Lavrov deyib: "Onlar bunu istəmədilər, çünki amerikalıların orada qalacağına və yarıdövlət quracaqlarına inanırdılar. Biz isə onlara hər zaman Türkiyə və İraqın kürd dövlətinin qurulmasına imkan verməyəcəyini deməyə çalışdıq".
Suriya məsələsi ilə bağlı qurulan platformalar arasında qarşılıqlı əlaqənin zəif olduğuna diqqət çəkən rusiyalı nazir deyib: "Bu boşluq nəticəsində partlayış baş verdi. Faktları qəbul etməliyik".
Lavrov Rusiyanın Dəməşqdəkı səfirliyinin fəaliyyətini və Suriyanın yeni administrasiyası ilə əlaqələrini davam etdirdiyini vurğulayaraq deyib: "Suriyadakı vəziyyətin yaxşılaşdırılması üçün göstərilən səylərə töhfə vermək istəyirik. Bunun üçün Suriyadakı bütün siyasi, etnik və dini qüvvələrin, həmçinin xarici qüvvələrin iştirakı ilə əhatəli bir dialoqa ehtiyac var. Türk və Körfəz ölkələrindən olan həmkarlarımla görüşdüm. Onlar Rusiya, Çin və İranın bu prosesə daxil edilməsinin tərəfdarıdırlar. Biz buna açığıq".