“İranda bəzi əyalət mollaları və müxtəlif məmurlar Azərbaycanla İran arasındakı münasibətləri daim korlamağa çalışıblar. Azərbaycanın səmimi və dürüst mövqeyinə baxmayaraq İranda Azərbaycan və Türkiyə əleyhinə istər mediada, istərsə də rəsmi şəxslər öz çıxışlarında bu ritorikanı davam etdirirlər”.
Bu fikirləri Editor.az-a siyasi analitik Tural İsmayılov İranın ali dini liderinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Cəbəl Amulinin Azərbaycanı vaxtaşırı təhqir etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O bildirib ki, İran cəmiyyətində, özəlliklə Güney Azərbaycanda Azərbaycan və Türkiyəyə olan sevgidən qıcıqlanan bəzi dairələr öz pis niyyətini gizlədə bilmirlər:
“Ərdəbildə bir əyalət mollasının həddini aşaraq Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirlər İrandakı yanaşmanın ölkəmizə qarşı nə qədər qeyri-səmimi və qeyri- dürüst olduğunu növbəti dəfə ortaya qoyur. İranın yeni hakimiyyəti bu məsələlərə qarşı daha həssas davranmalı və İran ilk növbədə Azərbaycandan rəsmi şəkildə üzr istəməlidir. Eyni zamanda, indiyə qədər Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror aktını təşkil edən adamın cəzası praktiki olaraq yerinə yetirilmir. Digər tərəfdən birmənalı şəkildə öz əyalət mollasını cəzalandırmamaqla göstərir və bir daha sübut etmiş olur ki, İran Azərbaycan əleyhinə dezinformasiya kampaniyalarında maraqlıdır. Ümumilikdə artıq 30 ildən çoxdur ki, İran mediasında Azərbaycan əleyhinə kampaniyalar bir an olsun belə dayanmayıb”.
//Gülnarə Abasova, Editor.az