Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluqdanverilən məlumata görə, Baş prokuror çıxışı zamanı prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək məhz bu sayədə hesabat dövründə əməkdaşların xidməti iş şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra prokurorluqların, o cümlədən Nərimanov Rayon Prokurorluğunun ən müasir standartlara cavab verən yeni inzibati bina ilə təchiz edildiyini bildirib.
K.Əliyev qeyd edib ki, əvvəlki ildə olduğu kimi, 2024-cü ildə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakı şəhərinin rayon prokurorluqları tərəfindən 587 vətəndaşın müraciətləri üzrə müvafiq tədbirlər görülüb.
Hesabat dövründə görülmüş işlərə münasibətdə diqqətə çatdırılıb ki, Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində zəruri işlər görülüb.
Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib
Qeyd olunub ki, 2024-cü il ərzində Bakı şəhər prokurorluq orqanlarında 649 cinayət işinin ibtidai istintaqı aparılıb və həmin cinayət işlərindən 194-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 16 milyon 979 min 167 manat maddi ziyandan 12 milyon 425 min 084 manatının (73,2%) ödənilməsi təmin olunub.