Bakıda məşhur rumın bəstəkarı və musiqiçisi Corce Eneskunun xatirəsi yad olunub.
Hafta.az-ın yazdığına görə, yanvarın 15-də görkəmli bəstəkarın Bakının mərkəzindəki eyni adlı parkda ucaldılmış abidəsi önündə Rumıniya Mədəniyyət Günləri çərçivəsində tədbir keçirilib.
Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Mədəniyyətin dünya ölkələri arasında körpü rolunu oynadığını vurğulayan diplomat qeyd edib ki, bu sahə insanları ümumi ideya və hislər ətrafında toplayan ən güclü vasitələrdən biridir. Onun sözlərinə görə, belə tədbirlərin qeyd olunması hər iki ölkənin mədəniyyətini və zənginliyini bəşəriyyətə tanıtdırır.
“Biz hər il bu gün Corce Eneskunun yanında dayandığımız abidəsi önündə toplaşırıq. Bu il həm də Rumıniya Mədəniyyət Günlərini qeyd edirik. Bu il həm də onun vəfatının 70-ci ildönümü qeyd olunur. Corce Eneskunun abidəsi ətrafında çox gözəl park salınıb və biz buna görə Azərbaycan hökumətinə təşəkkür edirik. Bu günü məhz Bakıda qeyd etməkdən çox məmnunuq. Tədbirdə həm azərbaycanlı, həm də rumınyalı nümayəndələrin iştirakı məni qürurlandırır", - deyə diplomat bildirib.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi çıxış edərək Azərbaycanla Rumıniyanın çox yaxın dost və tərəfdaş ölkələr olduğunu, bu cür mədəni tədbirlərin ölkələrimiz və xalqlarımız arasında dostluğu daha da gücləndirəcəyini qeyd edib.
Tədbirdə iştirak edən xalq artisti, drijor Fəxrəddin Kərimov qeyd edib ki, Rumıniyada dəfələrlə səfərdə olub və rumınların çox zəngin musiqisinə, ədəbiyyatına və ümumiyyətlə, mədəni irsinə yaxından bələddir.
“Azərbaycan və rumın xalqları arasında dostluğun inkişafı üçün bir drijor olaraq hər zaman əlimdən gələni edirəm. İstəyirəm ki, mütəmadi şəkildə rumın müsiqisi Azərbaycanda, Azərbaycan musiqisi isə Rumıniyada səslənsin”, - F.Kərimov deyib.
Qeyd edək ki, Corce Enesku Rumıniyada məşhur müsiqiçi, pianoçu, skripkaçı, bəstəkar və müəllim olub. Corce Enesku həm də Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olub, antifaşist hərəkatında da çox fəal iştirak edib.
Günümüzdə Corce Enesku Rumıniyanın ən görkəmli bəstəkarı hesab edilir. Yaradıcılığı əsasən Rumıniya xalq musiqisindən ilham alan Eneskunun karyerasının şərəfinə, eləcə də Rumıniya və dünya mədəniyətinə verdiyi töhfələrə görə Buxarest Avropada keçirilən ən böyük müsabiqələrdən birinə - Corce Enesku Beynəlxalq Festivalına ev sahibliyi edir.
Azərbaycanla Rumıniya dövlətlərarası əlaqələrin təzahürü olaraq 2006-cı il oktyabrın 11-də Bakıda müasir rumın milli bəstəkarlıq məktəbinin banisi Corce Eneskunun abidəsinin təntənəli açılışı olub.