“Ermənistandan qovulmuş azərbaycanlıların tarixi yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Bu məqsəd üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində bu mövzuya toxunub.
"Ermənistandan 1980-ci illərin sonunda - 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlı var. Amma əvvəlki deportasiyaları nəzərə alsaq, bu göstərici daha çoxdur. Qərbi Azərbaycan İcması doğma yurdlarına qayıdışla bağlı Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Lakin rəsmi İrəvan bu müraciətə hələ də cavab verməyib. Cənab Prezidentimizin dediyi kimi, Paşinyan İcmanın nümayəndələrini qəbul edib, onları dinləməlidir. Amma biz görürük ki, Ermənistanda bu mövzu “narahatlıqla” izlənilir. Çünki artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması kontekstində Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı beynəlxalq platformalarda müzakirə predmetinə çevrilib. Qarşılıqlı etimadın yaradılması üçün Qərbi azərbaycanlıların qayıdışı mühüm şərtdir. Bu amil cəmiyyətlər arasında gerçək sülh mühitinin formalaşmasında ictimai konsensusun əhəmiyyətini ifadə edir", - deyə deputat qeyd edib.