AZ

Fasilə bitir, “bazar” davam edir

Rəsmi olaraq yanvarın 14-dən qış transfer bazarı açıq elan olunub. Bu 10 fevrala qədər davam edəcək.

Qış fasiləsinin başladığı dekabrın 22-dən bu yana isə Premyer Liqa komandaları istirahətə çəkilib və yanvarın əvvəlindən etibarən təlim-məşq toplanışlarını bərpa ediblər.

Ara transfer dönəmində istənilən səviyyədə futbolçu tapmağın çətinliyi şablondur. Buna baxmayaraq, mövsümün ikinci yarısına daha da ciddiyyətlə yanaşan klublar, axsaqlıq çəkdikləri mövqelərə axtarışlar aparır.

Hazırki transfer “bazarında” əsas hərəkətlilik “Şamaxı”ya aiddir. Bölgə təmsilçisi 5 transfer reallaşdırıb, ancaq 4 futbolçu ilə də yollarını ayırıb. “Şamaxı” ilə yanaşı Premyer Liqaya can atan klublardan “Səbail” də artıq 3 futbolçunun keçidini rəsmiləşdirib. Autsayderlər sırasında qərarlaşan “Neftçi” ilə “Kəpəz” isə hələlik 1 transferlə kifayətləniblər. Ortabab sıralarda qərarlaşan “Sumqayıt” 2 oyunçusuyla yollarını ayırsa da hələ ki, gətirilən yoxdur.

Əsas diqqət avrokuboklar uğrunda daha iddialı görünən 5 komandaya – “Qarabağ”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə” və “Sabah”a yönəlib.

Hələ ki, adıçəkilənlər arasında təkcə “Turan Tovuz”da hərəkətlilik var. Kurban Berdıyevin yeni transferləri, əsasən, hücum xəttinə yönəlikdir. Təcrübəli mütəxəssis Rəhim Sadıxovla Orxan Əliyevin komandaya güc atacağına əmindir. Hərçənd hər iki yerli futbolçunun son olaraq çıxış etdikləri klubda, göstərdikləri performansları bunu göstərmir. Berdıyevin Maxaçqala “Dinamo”sundan gətirdiyi 22 yaşlı yarımmüdafiəçi Anton Kraçkovskinin statistik göstəriciləri isə aşağıdır. Hər halda türkmənistanlı çalışdırıcı təcrübəsinə inanaraq, bu seçimlərin komandaya fayda verəcəyini hesablayır.

Avrokuboklara iddialılar siyahısındakı qalan 4 komandada sakitlik hökm sürür. Hələ ki, heç bir düşərgədən səs-səmir yoxdur. Mətbuatda “Qarabağ”la 1-2 oyunçunun adı hallansa da, rəsmi heç bir açıqlama verilməyib. Hərçənd, APL rakursundan baxılsa, “atlılar” gedənlərin yerini doldurmasa da, çətin ki, büdrədən olsun…

Mövsümün sürprizi “Araz-Naxçıvan”ın düşərgəsindəki sükutla, baş məşqçi dəyişikliyi ilə iddialı olacağını göstərən “Sabah”ın durumu isə fərqlidir. Hər iki komandanın axsaqlıq çəkdiyi mövqelər var. Xüsusən, “bayquşlar”ın müdafiə və yarımmüdafiə xəttindəki boşluqları, komandanın ciddi uğur qazana biləcəyini şübhə altına salır. Naxçıvan təmsilçisinə gəlincə, heyət yetərli deyil. Əlavə olaraq, futbolçuların zədələnməsi, həmçinin hər dəfə eyni heyətlə çıxış etməsi yüklənməyə səbəb olacaq. Baş məşqçi Elmar Baxşiyev “FutbolPress”ə açıqlamasında bildirmişdi ki, xüsusən, hücum xəttini gücləndirməyi planlaşdırırlar.

“Zirə”nin heyəti isə nisbətən genişdir. Rəşad Sadıqov stabil oyun xəttiylə yüksək yerlər uğrunda mübarizə apara bilər.

Hazırkı durum belədir. Mövzuya “pəncərə bağlanan” ərəfədə qayıdarıq…

Mirkamal Kazım

Seçilən
17
futbolpress.az

1Mənbələr