AZ

Oğurluğun plastikası 

Bütün dünya yenilikləri kimi, plastik cərrahiyyənin də zibilini çıxartmaq üzrəyik. Günaşırı saxta cərrahlar kimisə qətlə yetirir, şikəst qoyur. Fırıldaqçı klinikaların adları, uydurma həkim diplomları havada uçuşur. Mən plastik cərrahiyyənin əleyhinə deyiləm, yanlış anlamayın. Bəzən hansısa qəzada insanın dərisi, əzaları sıradan çıxır, bunları düzəltmək vacibdir. Ancaq insanın bioloji yaşı anlayışı var. Zamanla saç tökülməli, üz qırışmalıdır. Bunun da öz gözəlliyi var. İnsan insan kimi, insan sifətiylə qocalmağı da bacarmalıdır. Biz robot və ya saman doldurulmuş kukla deyilik.

Misal üçün, aktyorlar Jan Pol Belmondo və Alen Delonun qocalığını xatırlayın. Hər ikisi 88 yaşında öldü. Belmondonun sifəti qırışlar içində idi, Delon isə üzündə hər nöqtəni doldurtmuşdu. Məndən soruşsanız, Belmondonun qırışıq üzü Delonun hamar üzündən (türklər demiş, “bəbək poposu”) nurlu, insani, yaraşıqlı görünürdü. Rəhmətlik Alen Delonun üzünə baxmaq olmurdu, hətta. O dərəcə əcaib, saxta görkəm almışdı.

Bunları niyə yazıram, səbəbi tragikomikdir. Bizim, adını çəkməyimə ehtiyac yoxdur, bir xalq artistimiz var, hansısa dələduz plastik cərrahın qurbanı olub - alnına doldurulan maddə vurub gözündən çıxıb. Dünən mən sənətkarımızın həmin cərrahı məhkəməyə verməsi haqda xəbəri oxuyanda həm onun halına yandım, həm də, pis çıxmasın, gülməyim gəldi. Çünki artistimizin bir zamanlar oxuduğu çox populyar mahnı yadıma düşmüşdü. Həmin mahnıda sənətkar deyirdi: “Saçlarımda dən oldun, Alnımın qırışısan, Necə unudum səni?”

Lakin indi məlum olur alın qırışları aradan qaldırılmaq üzrə imiş. Saçlarda da, maşallah, bir dənə dən gözə dəymir, elə qara boyayıb, sanki kainatdakı məşhur qara maddənin yatağını əldə edibdir. Hər şey unudulmaq üzrəymiş, saxta diplom aman verməyib.

İnsan gərək sənətinə uyğun yaşasın. Saxtakarlıq cəzasız qalmır. Hərçənd burada da plastikanın əhəmiyyəti var. 

Məsələn, Naxçıvanda bir qrup yoldaş dövlətin 145 milyon manatını basıb yeyiblər, məhkəmə onlara şərti cəza kəsib. Bir, beş, on milyon əkişdirənlər arasında da şərti cəza, ev dustaqlığı, hakimdən çırtma, prokurordan şapalaq, konvoydan çimdik cəzaları alaraq aradan çıxan şəxslərlə tez-tez rastlaşırıq. Bu isə istər-istəməz vətəndaşlarımız arasında mənasız suallar yaranmasına səbəb olur. Deyirlər niyə üç-beş min manat oğurlayanlara 10 il həbs cəzası verilir, 100 milyon oğurlayanlar isə azadlıqda asudə dolaşır. 

Əzizlərim, bu, cavabı içində olan suallar kateqoriyasına aiddir. Niyə başa düşmürsünüz? Azadlıqda qalmaq üçün, məhz çox oğurlamaq lazımdır! Az-maz oğurlayanlara, xırda-xuruş işlərlə hüquq sistemimizin başını qatan avaralara niyə hörmət bəsləməli, niyə onlara qarşı humanist davranmalıyıq? Olmaz! İşə girişmisənsə, zəhmət çək, çoxlu çırpışdır. Dərindən götür, dövlət büdcəsinin qazmağı gəlsin. 

Çox oğurlayanın tək orqanlarda deyil, el-oba, camaat arasında da hörməti daha çox olur. Çünki məbləğdən hərəyə nəsə çatır. Ucundan-qulağından. Yoxsa 3 min oğurladı, bundan bizə nə verəcək? 

Bunun anekdotu da var. Deyir bir yoxsul məsciddə dua edirmiş, yanında da hansısa oliqarx məmur. Məmur dua edir ki, nazir müavini işləməyim bəsdir, ya Allah, mənim nazir qoyulmağıma kömək ol. Birdən dinləyir, görür yanındakı yoxsul Allahdan çörək istəyir. Oliqarx tez cibindən 1 manat çıxarır, yoxsula verir, deyir: “A kişi, al pulu, get özünə çörək al, qurban olduğumu xırda işlərlə məşğul eləmə”. 

Seçilən
8
musavat.com

1Mənbələr