AZ

15 bolqar komandası birlikdə tək “Qarabağ”ın etdiyini bacarmayıb - ARAŞDIRMA

Hazırda qış fasiləsində olan Bolqarıstan çempionatında lider “Lüdoqorets” inamlı oyunu ilə seçilir. Parva Liqaya liderlik edən Razqrad təmsilçisi etibarlı müdafiəsi ilə diqqət çəkir. Hansını ki, 5 ay öncə “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində darmadağın etmişdi.

İdman.biz diqqəti məhz bu müqayisəli məqama və ümumiyyətlə, Avropanın milli çempionatlarında daha az top buraxan komandalara yönəldir.

Avqustun 13-də Bolqarıstanda keçirilmiş matç yaddaşlarda dərin iz buraxıb. İstər azərbaycanlı azarkeşlərin, istərsə də bolqarların. Ancaq bolqarlar bu oyunu yəqin ki, unutmaq istəyirlər. 4-ü əlavə vaxtda olmaqla, “Qarabağ” 120 dəqiqəyə “Lüdoqorets”in qapısından 7 top keçirib. Doğrudur, ondan sonra Ağdam klubu bir müddət qitə yarışlarında rəqib qapılarına yol tapa bilmədi. Ancaq Razqradda olan olmuşdu. Müdafiəsi heç də zəif olmayan “Lüdoqorets” bir oyuna 7 top buraxmışdı. Tək onu demək kifayətdir ki, Bolqarıstan çempionatının lideri bu mövsüm ölkə birinciliyində keçirdiyi 19 oyunda həmin bir oyunda buraxdığından daha az qol buraxıb. “Lüdoqorets”in Bolqarıstan çempionatındakı 15 rəqibi, hətta onlardan 4-ü iki dəfə qarşılaşmaqla, liderin qapısından birlikdə cəmi 6 qol keçirib. Yəni 15 bolqar klubu birlikdə tək “Qarabağ” bir oyunda etdiyini bacarmayıb. Ölkə çempionatında SSKA və Botev 2 dəfə, “Spartak” və “Arda” 1 dəfə liderin qapısına yol tapıb. Qalan 15 oyunda “Lüdoqorets” qapısını toxunulmaz saxlayıb.

Azərbaycan çempionatında “Qarabağ” 18 oyuna 7 top buraxıb ki, bu da qitədə ən yaxşı göstəricilərdan biridir.

Avropada bu mövsüm ən az qol buraxan komanda “Qarabağ”ın cari Çempionlar Liqasında 7 dəfə məyus etdiyi daha bir komanda – “Linkoln”dur. Doğrudur, ağdamlılar Cəbəllütariq təmsilçisinin qapısına 7 topu 2 oyunda vurub – ikisini səfərdə, beşini evdə. Ölkəsinin çempionatında isə “Linkoln” 15 oyunda cəmi 3 qol buraxıb.

Malta çempionatında “Slima Uonderers” 11 oyuna 5, Sloveniyada “Olimpiya 18 oyuna, Moldovada “Şerif” 14 oyuna, Andorrada “Reyncers” 12 oyuna 6 top buraxıblar.

Hər oyuna orta göstəriciyə görə “Linkoln” 0,2 qolla 1-ci, “Lüdoqorets” 0,31 qolla ikincidir. “Differdanj” və “Olimpiya” hər oyuna 0,33 qol buraxıblar. “Qarabağ”ı (0,39) Şotlandiyada 0,36 göstəriciyə malik (22 oyuna 8 qol) “Seltik” və Çexiyada 0,37 göstəricisi olan (19 oyuna 7 qol) “Slaviya” da qabaqlayır. Xorvatiyada “Rieka” “Qarabağ”la tam eyni göstəriciyə malikdir – 0,39 (18 oyuna 7 qol).

Vüqar Məmmədov
İdman.biz

Məqalədə:
Seçilən
2
idman.biz

1Mənbələr