AZ

Xəzərin Samur–Yalama sahilləri

Samur–Yalama Milli Parkı barədə söz açmazdan öncə qeyd edək ki, ölkəmizin ərazisində 10 milli park fəaliyyət göstərir və bu, onlardan bəhs edən 7-ci yazıdır. Məqsədimiz ana təbiətimizin füsunkarlığından, flora və faunamızın rəngarəngliyindən, təbii sərvətlərimizin qorunması istiqamətində görülən işlərdən söz açmaqdır.

İndi isə keçək əsas mətləbə. Samur–Yalama Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. Dərhal qeyd edək ki, bura, həqiqətən ecazkar bir məkandır. 

2012-ci ildə yaradılan Samur–Yalama Milli Parkı ölkəmizin şimalında, Xaçmaz rayonu ərazisində yerləşir. Digər parklardan bir çox özəl cəhətlərinə görə fərqlənir. Belə ki, əgər relyefinə görə Göygöl Milli Parkı dağlıq ərazilərdə, Ağgöl parkı göl və bataqlıqlarda, Şirvan parkı çöl, yarımsəhrada yerləşirsə, Samur–Yalama Milli Parkının həm meşəsi, həm çölü, həm də dənizi var. Bu parkın fərqliliyi həm də ondadır ki, o, Xəzər dənizinin sahil xətti boyunca qərar tutub və yalnız çimərlik zolağı meşə və dənizi bir-birindən ayırır. 

Xatırladaq ki, Samur–Yalama Milli Parkının yaradılması layihəsi 2001-ci ildə Almaniya Federativ Respublikası İqtisadi İnkişaf Və Əməkdaşlıq Nazirliyi tərəfindən təsis olunmuş Qafqaz Təşəbbüsünün bir hissəsi olan Ekoregional Təbiəti Mühafizə Proqramı üzrə həyata keçirilib. Milli Parkın təşkili üçün Samur-Yalama zonasında 12 500 hektar meşə əraziləri və kənd təsərrüfatı istiqamətində istifadə olunan torpaqlar ayrılıb.

Layihə Samur-Yalama ərazisinin ekosisteminə daxil olan biomüxtəlifliyin qorunmasına töhfə vermək məramı daşıyır. Məlumat üçün bildirək ki, layihənin 2010-2013-cü illər ərzində həyata keçirilməsi üçün Almaniya İnkişaf Bankı 2.5 mln avro vəsait ayırıb. 

Milli parkın cənub-şərqində bataqlıqlar və su hövzələrinin yerləşdiyi sahədə nadir köçəri quş növlərinə rast gəlinir. Ərazinin florasında itburnu, sarmaşıq, dazı, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Burada çəmən və kolluqlar çoxdur. Düzənlik meşələri də var. 

Parkın faunası da kifayət qədər zəngindir. Ərazidə çöl donuzu, yenot kimi heyvanlara, qırqovul, kəklik kimi quşlara tez-tez rast gəlinir. Sahil sularında balıqlar (külmə, kilkə, şamayı və s.) boldur. 

Milli parkı əhatə etdiyi sahədə termal və mineral su bulaqları mövcuddur. Qeyd etmək lazımdır ki, bütövlükdə  Xaçmaz rayonunda ovçuluq və balıqçılıq uçun yaxşı şərait var. Xaçmaz Rayon Ovçular Cəmiyyətinin nəzdində “Gülalan gölü" qoruğu da fəaliyyət göstərir. 

Samur-Yalama Milli Parkı yerli və xarici turistlərin sevə-sevə ziyarət etdikləri məkanlardandır. Üstəlik, yaxınlıqdakı Nabran qəsəbəsində çox sayda turizm və istirahət məntəqələri yerləşir. Yəni burada yaxşı istirahət üçün hər cür imkanlar var. Ümid edirik ki, yolunuz bu tərəflərə düşərsə, narazı qalmazsınız. 

Hər birimizə yaxşı bəllidir ki, haqqında söhbət açdığımız park Samur çayının sağ sahilindəki ərazilərdə yerləşir. Bu məqamda bir neçə kəlmə də bu bolsulu çayın poeziyamızda vəsf olunması barədə söz açmasam olmaz. 

Qeyd etməyə dəyər ki, Kür və Araz çayları ilə bərabər, Samur çayı da şairlərin diqqətindən kənarda qalmayıb. Onlardan biri də mərhum şair Oqtay Rzadır.  Samurun “mirvari ləpələri”nə heyranlığını gizlətməyən mərhum şair bir vaxtlar  yazıb: 

Samur - simfoniya, axır Xəzərə,

Ürəkdən heyranam mən bu əsərə.

M.HACIXANLI 
XQ

Seçilən
4
xalqqazeti.az

1Mənbələr