AZ

Mətbuat və ədəbiyyatımıza xidmət örnəyi

Şəddat Cəfərov – 85

Görkəmli naşir, Azərbaycanın ilk poliqrafçı alimi, populyar nəsr əsərləri və irihəcmli xatirə ədəbiyyatı müəllifi Şəddat Çəfərovun 85 illik zəngin və şərəfli ömür yolu milli mətbuatımızın, kitab nəşri və poliqrafiya tariximizin 70 illik bir dövrü ilə sıx bağlıdır. Yubilyarın bu müddətdə əldə etdiyi çoxsaylı nailiyyət və uğurlarının şəhadətləri artıq tarixi önəm daşıyır. 

Bioqrafiyasını zəngin və şərəfli  əməllərlə zinətləndirmiş poliqrafçı, naşir və yazıçı hər 3 sahədə xidmətlərini əks etdirən sənəd və təltiflər kolleksiyasını anadan olmasının 85-ci ildönümü günündə ölkənin çoxminillik mədəni irsinin baş saxlanc yeri sayılan Milli Azərbaycan Tarixi Muzeyinin fonduna ərmağan etdi.

Bu münasibətlə muzeyin konfrans salonunda keçirilən mərasimin aparıcısı, Şəddat Cəfərovun həyat və yaradıcılığının araşdırıcısı, “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələfli yubilyarın çoxillik səmərəli xidmətlərindən söz açaraq onun parlaq və fədakar ziyalı obrazını canlandırdı.

Milli Azərbaycan Tarixi Muzeyi sənədli mənbələr elmi fondu şöbəsinin müdiri Esmira Rəhimova Şəddat Cəfərovdan qəbul edilən kolleksiyanın mətbuat, nəşriyyat  və poliqrafiya tariximizlə bağlı ötən onillikləri əhatə edən irsin qorunub öyrənilməsində önəmli materiallar olduğunu söylədi.

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu
Şəddat Çəfərovun milli mətbuatımızın maddi-texniki bazasının zaman-zaman yeniləşən texnologiya ilə təmin olunmasında xidmətlərindən, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu onun çoxsaylı ədəbiyyat nəşri ilə bağlı illərdən bəri davam edən səmərəli fəaliyyətindən, jurnalist-naşir Mehman Fərzullayev dostu və həmkarının ölkəmizə gətirdiyi poliqrafik yeniliklərdən, bu nadir mütəxəssisin keçmiş SSRİ-də və başqa ölkələrdə qazandığı layiqli nüfuzundan söz açdılar.

Şəddat Cəfərovun vaxtilə oxuduğu paytaxtın 44 saylı məktəbinin direktoru Əzizə Abbasova, qardaşı Fərhad, qızı Sevinc, nəvəsi Fatimə Cəfərovlar, yeniyetmə yazar Sevindik Nəbioğlu  işdə, ictimai mühitdə və ailədə nümunəvi fəaliyyəti, səmimi davranışı ilə seçilən bu ziyalının müasirlərinə və yeni nəsillərə örnək ömür yolundan danışdılar. 

Jurnalist və naşirlərdən Fazil Rəhmanzadə, Nəzirməmməd Zöhrablı, Sevda Əlibəyli, Adil Abdullayev, Dəyanət Səlimxanlı, Ramin Məmmədov, şair Fəxrəddin Meydanlı, hüquqşünas Məmməd Əliyev, Buzovna sakini Hacı Hacıağa, veteran təşkilatı təmsilçisi Yasəmən Möhübbətqızı  Şəddat Cəfərovun ustad naşir, təcrübəli poliqrafçı, bilikli alim, ibrətli bədii süjetlər və sənədli əsərlər müəllifi kimi əhatəli fəaliyyətinin unudulmaz epizodlarından sevgi-sayğı ilə söhbət açdılar, ona ömrünün yetkinlik çağında uzun ömür, yeni uğurlar arzuladılar.

Mərasimdə Şəddat Cəfərovun ictimai dəyər daşıyan kolleksiyasının tarix muzeyinə təqdim edilməsi onun milli irsin qorunub zənginləşdirilməsi işinə töhfəsi kimi dəyərləndirildi.

T.RÜSTƏMLİ 
XQ

Seçilən
3
xalqqazeti.az

1Mənbələr