AZ

Ağsaqqallar Qərbi Azəbaycan İcmasında toplaşdı



Yanvarın 15-də Qərbi Azərbaycan İcmasında İcmanın Ağsaqqallar Şurası ilə Azərbaycan Ağsaqqallar Şurasının görüşü keçirilib.
Qərbi Azərbaycan İcması İH-nin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli görüşü açaraq iştirakçıları salamlayıb və Qərbi Azərbaycan İcmasının yaranma tarixi, eləcə də İcmanın məqsəd və hədəfləri barədə iştirakçılara geniş məlumat verib.
Ə.Ələkbərli İcmanın Prezident İlham Əliyevin tövsiyəsi ilə hazırlanan Qayıdış Konsepsiyası üzərində dayanaraq son iki ildə İcmanın yerli və beynəlxalq müstəvidə gördüyü işlərdən bəhs edib, soydaşlarımızın ata-baba yurdlarına qayıdışı ilə bağlı xüsusilə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının önəmini vurğulayıb, bu məsələdə Azərbaycan Ağsaqqallar Şurasının görə biləcəyi işlərə diqqəti çəkib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində Qərbi Azərbaycanla bağlı məsələyə toxunmasını xatırladaraq hər kəsin üzərinə düşən mənəvi məsuliyyətdən danışıb.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, hər iki şuranın hədəfləri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması, Qərbi Azərbaycana qayıdışla bağlı gənclərin fəal iştirakının təşviq olunmasıdır.

AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, akademik İsa Həbibəyli Qərbi Azərbaycan İcmasının fəaliyyətini yüksək qiymətləndirərək, AMEA-da Qərbi Azərbaycanla bağlı görülən işlər, yaradılan şöbələr barədə ətraflı məlumat verib. O, Qərbi Azərbaycanla bağlı kitabxananın yaradılması və onun zənginləşdirilməsini öz üzərinə götürdüyünü qeyd edib. İsa Həbibəyli çıxışın sonunda İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə AMEA-da Qərbi Azərbaycanla bağlı nəşr olunan kitabları hədiyyə edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı professor Eldar İbrahimov çıxış edərək, Qərbi Azərbaycanla bağlı Özbəkistan və Türkiyədə tədbirlərin təşkil olunmasını təklif edib.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov Qərbi Azərbaycanla bağlı mühüm tədbirlərin ölkə daxilində və xaricində keçirilməsinin önəmini və zəngin-mədəni irsimizin qorunub saxlanması yolunda gənclərimizlə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, səslənən fikirlərə dəstək olduğunu bildirərək ağsaqqallar və gənclər arasında birgə tədbirlərin keçirilməsini təklif edib.
İcmanın Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Əvəz Ələkbərov hər iki şuranın Qərbi Azərbaycan ideologiyası ilə bağlı yol xəritəsinin hazırlanması və bunun əsasında tədbirlərin keçirilməsi təklifini irəli sürüb.
QAİ Ağsaqqallar Şurasının üzvü professor Həsən Bayramov Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması üçün daha çox sayda kitabların hazırlanmasının önəmindən danışıb.
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı birgə tədbirlərin keçirilməsinin önəmini, İcmanın İH-nin üzvü, Milli Məclisin deputatı Elşad Musayev bölgələrdə birgə tədbirlərin keçirilməsini təklif olaraq irəli sürüb, BDU-nin hüquq fakültəsinin professor Əli Hüseynov, Mığrı rayon İcmasının üzvü İsmayıl Əliyev, İcmanın Ağsaqqalar Şurasının üzvü İlqar Abbasov öz çıxışlarında natiqlərin fikirlərini dəstəkləyərək, təkliflərini bildiriblər.
Sonda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Eldar Quliyevə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli tərəfindən hədiyyə və kitablar təqdim edilib.





Seçilən
10
5
aia.az

6Mənbələr