AZ

Analar inananda - Fotolar

Analar

Gənc və istedadlı yazıçı-dramaturq Ülviyyə Heydərova bir neçə il öncə “İnanıram” adlı pyes yazıb. Bir aktrisanın ifası üçün nəzərdə tutulan əsər artıq uğurlu səhnə ömrünü yaşayır.

“İnanıram” əvvəlcə Dövlət Milli Gənc Tamaşaçılar Teatrında rejissor Elşad Rəhimzadənin quruluşunda, istedadlı aktrisa Zemfira Əbdülsəmədovanın ifasında hazırlanıb. Əsərin rejissor yozumu, Zemfira xanımın yaratdığı Ana obrazı maraqla qarşılanıb və Bişkekdə keçirilən Beynəlxalq Teatr festivalında mükafata layiq görülüb.

“İnanıram” yenidən səhnədədir. Amma bu dəfə monotamaşaya başqa bir teatr müraciət edib. Dövlət Akademik Musiqili Teatrının maraqlı eksperimentlərlə zəngin repertuarında “İnanıram” da yer alıb. Ana obrazını bu tamaşada Azərbaycan teatrı və kinosunun görkəmli nümayəndəsi, Xalq artisti, “Şöhrət” ordenli Şükufə Yusupova oynayır.



Monopyesin qəhrəmanı Ana ucqar dağ kəndindəki tənha ağacla uzun zamandan sonra yenidən görüşüb söhbətləşir. Onu bu ağacla bağlayan mənəvi bağlar var. İllər öncə gənc arxeoloq kimi bu əraziyə gələndə ilk dəfə rastlaşmışdı bu ağacla, hamilə olduğunu da elə onda öyrənmişdi. Şəhərdə övladını böyüdən Ana oğlunun əlindən tutub dağ kəndinə gələcəyini, həmin ağacı oğluna da göstərəcəyini düşünür, həmişə bu istəklə yaşayır. Təəssüf ki, həyatda hər şey insanın istəyindən asılı olmur, bəzən arzu və istəklər yarımçıq qalır...

Müharibə Ananın arzularını puç edir, yeganə övladını əlindən alır. Üstəlik, oğlu həmin ağacın yerləşdiyi məntəqəni azad edərkən şəhid olur. Övladı şəhid olduğu əraziyə gələn Ana ətrafda baş vermiş amansız savaşa rəğmən ağacın sağ-salamat qalmasından təəccüblənir, onun dibini sulayır, qırılan qol-budağını sarıyır, sanki yaralarına məlhəm qoyur. Savaşda övladını itirən anaların ümumiləşdirilmiş obrazı olan Ananın əzabını, yaşantılarını Şükufə Yusupova böyük ustalıqla yaradır, boş hay-küylə deyil, pıçıltı ilə də insan ömrünə, onun saf arzularına qənim kəsilən müharibələrə qarşı fəryad qoparır. Aktrisanın səhnədəki hər hərəkətini, jestini tamaşaçılar maraqla izləyir.

Tamaşanın quruluşçu rejissoru, istedadlı aktyor və rejissor, Teatr02 studiyasının yaradıcılarından biri Leonid Klets dramaturqun ideyasını, əsərin ruhunu gözəl duya bilib, monotamaşanın daha təsirli alınması üçün müasir texnoloji elementlərdən də yerində istifadə edib. Tamaşanın sonunda müxtəlif dillərdə yazılan “İnanıram” kəlməsi dünyaya bir mesaj kimi qavranılır, bütün bəşəriyyəti savaş əleyhinə birləşməyə, sülhə çağırır.



Monotamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, səs rejissoru və musiqi tərtibatçısı Məhəmməd Məmmədov, videoqrafı Murad Həsənov, rejissor assistenti isə Zaur Əliyevdir.

İnanırıq ki, yaradıcı heyətinin səhnədən vermək istədiyi mesajlar ciddi qəbul olunacaq və “İnanıram” hələ uzun müddət Dövlət Akademik Musiqili Teatrının repertuarını bəzəyəcək.

Etibar CƏBRAYILOĞLU
Reyting.az
Seçilən
4
reyting.az

1Mənbələr