AZ

“VTB Bank”ın xalis mənfəəti azalıb, vaxtı keçmiş kreditlərinin həcmi isə artıb

2024-cü ilin sonuna “VTB Bank”ın xalis mənfəəti azalıb. Belə ki, bank 2023-cü ili 10 milyon 608 min manat mənfəətlə başa vurmuşdusa, ötən ilin sonuna bu rəqəm 9 milyon 538 min manat olub.

Teleqraf.com bankın 2024-cü ilin son rübü üzrə hesabatına istinadən xəbər verir ki, maliyyə qurumunun xalis mənfəəti 10,1% azalıb.

Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 2024-cü ilin əvvəlindəki 13 milyon 278 min manatdan ilin sonuna 12 milyon 555 min manata qədər azalıb.

Paralel olaraq, hesabat dövründə bankın mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 9 milyon 676-min manatdan 5 milyon 327 min manata düşüb. Beləliklə məqsədli ehtiyatlar təxminən 44.9% azalıb.

2024-cü ilin sonunda “VTB Bank”ın bölüşdürülməmiş mənfəəti 216 milyon 687 min manata düşüb. İlin əvvəlində bu rəqəm 226 milyon 225 min manat idi. Ümumiyyətlə son dörd ildə qurumun bölüşdürülməmiş mənfəəti azalan istiqamətdə hərəkət edir.

“VTB Bank” müştərilərə verilən kreditlərdən, alınan haqq və komissiyalardan, xarici valyuta əməliyyatlarından faiz və qeyri-faiz gəlirlərinin hesabına illik zərərdən müəyyən qədər yayınıb.

Lakin paralel olaraq bankın faiz və qeyri-faiz xərcləri artıb. Bu da “VTB Bank” ın məcmu gəlirlərində mənfəətin payının aşağı düşməsinə təsir göstərib.

Maliyyə qurumunun qeyri-faiz xərcləri 2023-cü ilin sonuna olan 23 milyon, 360 min manatdan, 2024-cü ilin sonuna 29 milyon 845 min manata çatıb. Burada bankın artan inzibati, amortizasiya, əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri rol oynayıb. Bankın ötən il borclarına görə ödədiyi faiz xərcləri də yüksəlib.

2024-cü ildə “VTB Bank”ın kredit portfeli 234 milyon 993 min manata qədər artıb. Bu kreditlərdə istehlak kreditlərinin payı biznes kreditlərini üstələyib. Yəni bank real sektoru maliyyələşdirmək əvəzinə, əhalini borclandırmaqda daha maraqlı olub. Diqqəti çəkən isə cəmi 234,993 min manatlıq kredit portfelinin 125,046 min manatının təminatsız olmasıdır. Burada da istehlak kreditlərinin payı daha yüksəkdir- 97,878 min manat. Hesabat dövründə ayrılan 99 milyon 465 min manat kreditin 97 milyon 878 min manatı təminatsız olub. Bu da o deməkdir ki, hər 100 manat kreditin 98.5 manatı təminatsızdır.

2025-ci ilin yanvarın 1-nə bankın bir ildən artıq vaxtı keçmiş kreditlərin məbləği 3 milyon manatı ötüb. 2024-cü ilin əvvəlində bu rəqəm 1 milyon 265 min manat idi.

Depozit portfelinə gəlincə, bankdakı əmanətlərin həcmi 114 milyon 153 min manat olub. Bunun 70,048 min manatı fiziki şəxslərin, 44,105 min manatı hüquqi şəxslərin vəsaitləri olub. Yeri gəlmişkən, bu yığımların 62 milyon 861 min manatı müddətli, 51 milyon 292 min manatı tələblidir. Yəni müştərilər vəsaitlərini qeyri müəyyən müddətə banka yerləşdiriblər. İstədikləri anda həmin vəsaiti bankdan çıxara bilərlər. Onu da vurğulayaq ki, belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır.


Müəllif: İqtisadiyyat şöbəsi
Seçilən
2
teleqraf.com

1Mənbələr