AZ

Qədim peşənin müasir leveli – Cazibədar qadınların tik-tokerliyi

 

Deyir, balaca qızların şıdırğı rəqs videolarını İnternetə yerləşdirən kanalı işlədən oğlan ayda 16+ dollar pul qazanırmış. Bir çoxları heyrətlənib, bəziləri xəbərə inanmır, “elə şeymi olar” sualı qoyur. Həvəslənənlər, bu işin yol-yolağasını öyrənmək istəyənlər də var: “Bunu necə edirlər?”

Bəs nə bilmişdiniz? Məgər kamera qarşısındakı bu meymunluqlar, həyasızlıqlar, əədəbsizliklər, hamısı müftə-müsəlləm idi, sizi, bizi əyləndirməkdən ötrüydü?

Xeyr, lap əzəldən işin altında “Youtube” saytından gələn pul vardı. Ona görə tik-tokerlər, yutuberlər, cürbəcür bloqerlər elə hey “layk edin, baxış sayımız artsın” deyə müraciətlər edirdilər. Baxış sayı artdıqca hesaba gələn pul da artırdı.

Elə bloqerlər var ki, onlar lap əvvəldən ədəb və qanunlar çərçivəsində videolar çəkirdilər, həm xalqı maarifləndiririr, əyləndirirdilər, həm də pul qazanırdılar. Məsələn, mən özüm Qəbələnin Qəmərvan kəndində restoran işlədən kulinar Təfəkkülün hazırladığı yeməklərə dair hazırlanmış videoları vaxtaşırı izləyirəm. Xoşuma gəlir. Tək mən deyiləm. Adamın izləyiciləri sırasında Kamçatkadan, Avstraliyadan, Kanada və Çilidən də adamlar var və elə hey tərif yağdırırlar, fürsət düşərsə, Azərbaycana gəlmək, Qəbələyə getmək, Təvəkkülün təndirdə bişirdiyi delikateslərdən dadmaq istədiklərini yazırlar. Həmvətənimizin videolarına baxış sayı milyonlarladır. Əsl İnternet fenomeni odur. Kaş bütün boqerlər ölkəmizi onun qədər dünyada tanıda, sevdirə biləydi.

Başqa ölkələrdə də belə fenomenlər var. Məsələn, bir sıra turizm bloqerləri dünyanın müxtəlif ölkələrinə səyahət edir, maraqlı filmlər hazırlayır, yayırlar. Biri var, eyzən özünün intim sərgüzəştlərinə dair videolar çəkir. Getdiyi hər ölkədə bir eşq-məşq partnyoru tapır (küçələr, salonlar, eskort xidmətlər doludur), ordan-bura, burdan ora səkə-səkə, əyləncəyə pul tökə-tökə, çəkə-çəkə gedir. Onun da izləyiciləri milyonlarladır.

Sibirdə, Alyaskada, Norveç meşələrində özünə daxma tikən, 25 dərəcəlik şaxtada başını soxmağa yer düzəldən və prosesi başdan-ayağa lentə alan bloqerlər də var. Adama xoş gəlir. Görürsən ki, insan oğlunun əlində lazımlı hacət olanda (balta, mişar, çəkic, mismar və s.) vəhşi təbiətdə başını dolandıra bilir.

Bir də var, eləcə kamera qarşısında dombalaq aşmaq, səy-səy rəqs eləmək, oxumaq, zarafatlaşmaq və s. Bəzən elə iyrəncliklər edirlər ki, adam mat qalır. Rəssam çəkmiş, heykəltəraş yonmuş kimi əndamı olan gənc qadınlar var, ya nazik və dar paltarda, ya da lüm-lüt kamera qarşısında dayanır, gözəlliklərini nümayiş etdirirlər və dünyanın dörd bir yanındakı “gözəllik aşiqləri” onların bu videosunun baxış sayını artırır, qadınlara pul qazandırırlar. Belə videolar o qədər çoxdur ki, gün ərzində Feysbukda yeddi dəfə istifadəçilərin önünə çıxır - özü də blok-blok...

Bəziləri deyir ki, bu, fahişəliyin yeni levelidir, bu qadınlar özlərini bazarlayırlar, sadəcə, ortada fiziki təmas yoxdur, qalan hər şey seks industriyasının tələblərinə uyğundur: onlar həvəskarlaya zövq verir, pul qazanırlar.

Tik-tokerlərin, bloqerlərin artımı bu üzdəndir. Bu, bir az da yaradıcılıq işidir. Yeni-yeni videoçarxlar çəkdikcə həvəsə gəlirlər. Özünü bazarlayanlar isə daha pullu müştəri tapa bilirlər. Bir də görürsən, varlı bir adam ortaya çıxır, 90-60-110 əndamlı fenomeni tapdırır, deyir, al, bu sənə lüks villa, lüks maşın, ayda N qədər xərclik, daha elə videolar çəkmə, çəksən də, yalnız mənə göstər.

Bəzən Youtube videoları çəkə-çəkə qanqallığa girən xətakarlar da olur. Məsələn, bu günlərdə eləsinin birini Daşkənddə boyunlayıb qoyublar içəri – 5 sutka həbs cəzası veriblər. Jasur adlı gənc bloqer yalandan küçədə qızla “dalaşır”, bunu videoya çəkdirirmiş. Çalışırmışlar təbii alınsın, gədə qıza pis sözlər deyirmiş, qız da gədəyə. Video çıxandan sonra hüquq-mühafizə orqanlar görüblər ki, bunlar ictimai yerdə söyüş söyüb, asayişi pozublar. Ona görə də ikisini də cəzalandırıblar.

Qazaxıstanda da bir idmançı ağzı bağlı, boynu cilovlu ayı ilə güləşib, heyvanı ippon fəndi ilə yıxmış, videoya çəkdirib yaymışdı. İdmançını nə təhər peşman elədilərsə, ayıya “dayı” deməli oldu.

Bu, dünya trendidir. Bütün ölkələrdə saysız-hesabsız bloqerlər, tik-tokerlər var və kimin ağlına nə gəlirsə, onu edir, çəkir, yayır, pul qazanır. Axırda elə edəcəklər ki, Youtube daha belə düşük videoçarxlara pul verməyəcək, ondan sonra hamısı dincələcək.

 

Seçilən
5
1
musavat.com

2Mənbələr