AZ

ABŞ-dakı yanğınların üzə çıxardığı MƏQAMLAR

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nın qərində - Kaliforniyanın Los-Anceles şəhəri ətrafında davam edən meşə yanğınlarını nəzarətə götürmək səyləri hələlik nəticə vermir. Ölü sayının 24-ə yüksəldiyi yanğın bölgədə bey ayrı nöqtədən yayılmaqdadır. Fərqli məlumatlara əsasən 170 min insana təxliyə xəbərdarlığı edilib, 12 minədək ev külə dönüb və sair.

Hafta.az-ın yazdığına görə, dünyanın ən qüdrətli dövləti olan ABŞ az qala bir həftədir ki, var qüvvəsini səfərbər eləsə də, yanğının cəmi 8-12 faizini nəzarətə götürə bilib.

Maraqlıdır, bu qədər genişmiqyaslı yanğın necə baş verdi, axı Kaliforniyada hava xeyli isti keçsə də, ən azından indi qışdır. Hə, gözə çarpan bir səbəb var - neçə gündür səngimək bilməyən Santa Ana küləkləri...

Santa Ana küləkləri necə əmələ gəlir?

Adətən, payızdan yanvar ayına qədər müşahidə edilən Santa Ana küləkləri dağlardan Cənubi Kaliforniya sahillərinə doğru əsən quru və güclü hava axınıdır. Bu küləklər Nevada, Yuta, Kaliforniya və digər ətraf ştatların bəzi hissələrini əhatə edən Böyük Hövzədə yüksək təzyiq və sahildə aşağı təzyiq olduqda baş verir. Yəni hava kütlələri yüksək təzyiqdən aşağı təzyiqə keçir və yaranan fərqlə küləklərin intensivliyi artır.

Los-Ancelesdəki Kaliforniya Universitetinin Ətraf Mühit və Davamlılıq İnstitutunun direktoru Aleks Hall bildirir ki, Santa Ana küləkləri Böyük Hövzənin səhra mühitində baş verdiyi üçün həddindən artıq qurudur. Eyni səbəbdən, küləklər soyuq başlasa da, adətən dağ yamacından aşağıya doğru hərəkət edərkən sıxıldıqları üçün istiləşirlər. Hall bildirir ki, bu, velosiped təkərlərinə hava əlavə etdikdə onların qızmasına bənzəyir.

Bu güclü, quru küləklərin sürəti adətən saatda 40-60 kilometrə çatır, baxmayaraq ki, əvvəlki günlərdə onların saatda 120 kilometri keçdiyi bildirilirdi.

Yanğınlar niyə bu qədər şiddətləndi?

Ötən çərşənbə axşamından bəri davam edən və bu səviyyəyə çatan yanğınların şiddətlənməsində Santa Ana küləkləri ilə yanaşı, aşağı rütubət və quruyan bitki örtüyü də mühüm rol oynayır.

Maraqlıdır ki, adətən, Cənubi Kaliforniyada yağış bitkiləri nəm saxlayır və bu səbəbdən də yanmırlar. Bu il bölgədə havaların çox quraq keçməsi güclü küləklərin bitkiləri asanlıqla alovlandıraraq vəziyyətin ağırlaşmasına səbəb olur. Hətta belə şəraitdə yerli əhalinin təxliyəsi çox çətinləşir.

Bu arada, “The Washington Post”un xəbərinə görə, 2023-cü ilin payızı və 2024-cü ilin yazı arasında həddindən artıq yağıntılar bölgədə bitki örtüyünün genişlənməsinə səbəb olub və bu da yanğınlar üçün “yanacaq təmin edib”.

İqlim böhranı Santa Anaya təsir edirmi?

Mütəxəssislər bildirirlər ki, havanın temperaturunun artması daha böyük yanğınlara yol açır. Kaliforniyanın iqlim böhranı səbəbindən daha az yağış alması da küləklərin qurumasına səbəb olur və ətraf mühiti meşə yanğınları üçün daha əlverişli edir. Bununla belə, səhra okeandan daha çox qızdığı halda, ikisi arasındakı təzyiq fərqi artır. Bu halda Santa Ana küləklərinin intensivliyinin azalması gözlənilir. Ona görə də iqlim böhranının məlum küləklərə təsiri ilə bağlı hələlik vahid fikir söyləmək olmur.

Qeyd etmək lazımdır ki, təbiətə tarix boyu ən böyük zərbəni məhz insan vurub. Kaliforniyada əhali artımı, daha çox sakit və yaşıl təbiətin qoynunda məskunlaşmanın genişlənməsi məlum yanğınlara səbəb verə bilər.

Nəzərdən qaçırmayaq ki, yaşayış sahəsi meşələrə yaxınlaşdıqca elektrik şəbəkələri, adi avtomobil yolları da bu ərazilərə yaxınlaşmağa başlayır. Elektrik naqillərinin istənilən an qısaqapanmaya yol açdığı qədər, yollardan keçən avtomobillərdən atılan yandırıcı vasitələr də bir o qədər təhlükəlidir. Yəni otluq sahəyə atılan adi su şüşəsi belə günəş şüasının təsiri altında qızışıb yanğın çıxara bilər və bu artıq elmi əsaslarla isbatlanıb.

Bu arada, 2021-ci ildə aparılan bir araşdırma, son 10 ildə Santa Ana küləklərinin səbəb olduğu yanğınların əsas mənbəyinin elektrik xətlərinin nasazlığının olduğunu üzə çıxarıb.

Niyə yanğını okean suyu ilə söndürmək olmur?

Los-Anceles yanğınlarına nəzarət etməyə çalışarkən ən böyük çətinliklərdən biri də bəzi yanğınsöndürmə anbarlarında suyun olmamasıdır. Hətta iş o yerə çatıb ki, bəzi yanğınsöndürənlər Sakit okeandan su götürüb. Hansı ki, ekspertlər okean suyundan istifadə məsələsində başqa cür düşünürlər. Onlara görə, okeanın duzlu suyundan yanğınları söndürmək üçün istifadə oluna bilər, lakin həmin su yanğınsöndürmə avadanlığının zədələyə bilər.

Bundan əlavə, okean suyu yüksək miqdarda duz ehtiva etdiyi üçün ekosistemlərə uzunmüddətli ziyan vurur, bölgənin illər boyu bitkisiz qalması təhlükəsini artırır. Ona görə də yanğınsöndürmədə istifadə üçün duzlu suyun təmizlənməsi lazımdır. Ancaq bu, səmərəsiz və bahalı olduğundan ekoloqlar tərəfindən tövsiyə edilməyən üsuldur.

Los-Ancelesdəki dağıdıcı yanğınlar hazırda su anbarlarında “kafi su” ilə bağlı müzakirələri gündəmə daşıyıb. Məlum olub ki, meşə yanğınları başlayanda, təxminən 117 milyon qallon su tutumlu və şəhərin su infrastrukturu üçün kritik əhəmiyyət daşıyan Santa Ynez Su Anbarı "təmir üçün bağlanıb" və bu, yanğınla mübarizədə çətinlikləri artırıb.

Los Anceles Su və Enerji Departamenti (LADWP) yanğınlardan ən çox təsirlənən Sakit Okean Palisades bölgəsindəki 1 milyon gallonluq üç su anbarının hamısının çox qısa müddətdə boşaldığını açıqlayıb. Eyni zamanda, xüsusilə isti və quraq mövsümlərdə meşə yanğınlarının tez-tez baş verdiyi Los-Ancelesdə Bələdiyyə sədri Karen Bass 2024-cü ilin iyul ayında yanğınsöndürmə idarəsinin büdcəsini 17,6 milyon dollar azaldıb. Məhz bu amil də su ehtiyatları ilə bağlı problemləri dərinləşdirən başqa bir tənqid mövzusu olub.

Resnik iddiası

Yanğınların tüğyan etdiyi indiki məqamda su anbarlarının boş olması və ya qeyd etdiyimiz kimi, ən iri su anbarının 1 ildir təmirə bağlanması amerikalı yəhudi milyarder cütlük Stüart və Linda Resnikin adının hallanmasına səbəb verib. Məhz bu cütlüyün ştatda su təchizatına nəzarət etdiyi və yanğınsöndürmə işlərinə ziyan vurduğuna dair iddialar yaradıb.

Resnik ailəsini tanıyaq. Onlar San Joaquin vadisində geniş əkin sahələrinə malik, POM və Fiji Water kimi markaların ana şirkəti olan Wonderful Company-nin sahibləridir. Onlar suyu düzgün saxlamamaqda və hazırda Los-Anceles ərazisini bürüyən meşə yanğını böhranını şiddətləndirməkdə ittihamlanırlar.

Təxminən, 6 milyard dollar gəliri və 130 mini Kaliforniyada olan 175 min hektar əkin sahəsi ilə Wonderful Company, püstə, badam, nar və sitrus meyvələri yetişdirən əyalətin ən böyük kənd təsərrüfatı müəssisələrindən biridir. “Forbes”in istinad etdiyi hesablamalara görə, şirkət 2021-ci ildə təxminən 150 milyard qallon su istifadə edib. Şirkətin sözçüsü  isə deyib ki, Wonderful Company əyalətdəki suyun cəmi 1 faizindən azından yararlanıb.

Ümumi sərvəti 12,6 milyard dollar olan Resnik, Wonderful Company vasitəsilə Kaliforniyanın Bakersfild yaxınlığındakı bir sıra su anbarları və boruları idarə edən Kern Water Bank Authority-də 57 faiz paya sahibdir.

ABŞ tarixində ən bahalı yanğın

Yanğınlar Los-Ancelesi məhv etməyə davam etdikcə, fəlakətin miqyası, o cümlədən geridə qalan zərər, can itkisi, biznesin pozulması və digər iqtisadi təsirlər aydın olur. Dəqiq maliyyə itkilərini hesablamaq hələ tez olsa da, bölgədə davam edən yanğınlar ABŞ tarixində ən bahalı yanğına çevrilmək yolundadır.

Analitiklər yanğınlar nəticəsində ümumi iqtisadi itkilərin milyardlarla dollara çatacağını proqnozlaşdırsalar da, yanğın davam etdikcə iqtisadi itkilərin hesablamaları yuxarıya doğru yenidən nəzərdən keçirilir.

Hazırda bir çox mütəxəssis yanğınlar nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərin təxminləri 250-275 milyard dollar olacağını düşünür.

ABŞ-ın hava şirkəti olan AccuWeather, keçən həftə ilk dəfə paylaşdığı ilkin hesablamalarında, yanğınların dəyərinin 52-57 milyard dollar arasında ola biləcəyini proqnozlaşdırdı. Amma yanğınlar davam etdikcə sözügedən təxmin 135 milyard dollardan 150 milyard dollara qədər artırıldı.

Onu da qeyd edək ki, ABŞ prezidenti Co Bayden yanğının vurduğu bütün ziyanları yüz faiz ödəyəcəklərini vəd edib.

Ən zərərli qasırğalar

ABŞ-da tarixi boyunca çox sayda belə təbii fəlakətlər yaşanıb ki, onların da əksəriyyətini qasırğalar təşkil edib. Yanğınların zərəri gündən-günə artdıqca məhz indiyədək yaşanan fəlakətlərin vurduğu ziyanın həcmi göz önünə gəlir. Bu mənada, Birləşmiş Ştatlar üçün indiyədək ən baha başa gələn fəlakət 2005-ci ildə Nyu Orlean şəhəri və ətraflarında fövqəladə əmlak və insan tələfatına səbəb olan Katrina qasırğası olub. Katrina qasırğasının vurduğu zərər sığorta şirkətlərinin rəsmi məlumatına əsasən 100 milyard dollardan çoxdur. Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə isə, təbii fəlakətin vurduğu ziyan 200 milyard dollar səviyyəsində olub. Bu məlumatlar çərçivəsində Katrina 2012-ci ilin Sandi, 2017-ci ilin Harvi, 2017-ci ilin Mariya və 2022-ci ilin Yan qasırğalarını indiki fəlakətə qədər qabaqlayaraq birinci yerdə olub.

Onu da qeyd edək ki, ABŞ tarixində qeydə alınan ən bahalı dörd meşə yanğını son 7 ildə baş verib. Mütəxəssislər iqlim dəyişikliyinin hər fürsətdə təbii fəlakətlərə səbəb olduğunu vurğulayırlar.

Kaliforniyada ştat tarixinin ən böyük yanğınlarından olan 2017-ci il “Thomas Fire”, güclü küləklər zamanı Cənubi Kaliforniya Edison elektrik xətlərinin bir-birinə toxunması nəticəsində baş verdi. Həmin yanğın iki nəfərin həyatına son qoyub və 1140 kvadratkilometrdən çox ərazini yandırıb.

“Pasifik Palisades” və ya “Eaton Fire” adlanan sonuncu yanğın Cənubi Kaliforniya Edison elektrik şirkətinin xidmət etdiyi Pasadena yaxınlığındakı təpələrdə başladı.

Seçilən
0
1
hafta.az

2Mənbələr