AZ

Tramp seçilmədən nəticələr əldə edib

"Amerika Birləşmiş Ştatlarının yeni Prezidenti Donald Trampın “Panama kanalı, Kanada və Qrenlandiya Amerikaya məxsus olmalıdır” və “Həmas yanvarın 20-ə qədər girovları azad etməsə, Yaxın Şərqi cəhənnəmə döndərəcəm” kimi açıqlamarı bir müddət ciddi qəbul edilməsə də, yeni Prezidentin xəbərdarlıqları ilk bəhrələrini verməyə başlayıb".

Musavat.com bildirir, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Tramp Qrenlandiya haqqında danışmağa başladıqdan sonra bu ada beynəlxalq aləmin əsas gündəm mövzularından birinə çevrilib:

"Danimarkaya məxsus Qrenlandiya hökuməti müstəqlliklərini elan etmək istədiklərini bildirib. Danimarka hökuməti də geri addım atarkən, ABŞ hərbi bazalarının Qrenlandiyada yerləşməsinin mümkün olduğunu açıqlayıb. Bu Trampın tam istədiyi olmasa da, Danimarka və Qrenlandiya hökumətləri ABŞ-ın yeni Prezidenti ilə dialoqa hazır olduqlarını bildiriblər. Bunun özü də Tramp üçün müsbət nəticədir.

Tramp üçün daha böyük nəticə Yaxın Şərqdə əldə edilib. İsrail və “Həmas” Qətərin vasitəçiliyi ilə atəşkəsə və girovların azad olunnasına razılaşıblar. Razılaşma yanvarın 19-da, yəni Trampın andiçəmə mərasiminə bir gün qalmış qüvvəyə minəcək. Trampın xəbərdarlığı nəticə verdi, Yaxın Şərqi “cəhənnəmə” göndərməyə ehtiyac qalmadı.  

Tramp Panama kanalı məsələsində də israrlıdır. Yeni Prezidentin sözlərinə görə, o Çinin Panama kanalına nəzarət etməsinə imkan verməyəcək. Söhbət Çinin Panamaya və kanal əltrafında layihələrə yönəltdiyi milyardlarla dollar yatırımlardan gedir. Tramp hesab edir ki, Panama hökuməti kanaldan istifadəyə görə ABŞ-ın ticarət gəmiləri ilə müqayisədə Çinin ticarət gəmilərindən daha az gömrük haqqı alır.

Bu arada, Ağ Evi tərk etməyə hazırlaşan Co Bayden və digərləri xarici siyasətdə əldə etdikləri uğurlardan danışırlar. Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan “The New York Times“ qəzetinə müsahibəsində uğurlardan biri kimi Ağ Ev administrasiyasının siyasəti sayəsində Çinin yaxın gələcəkdə iqtisadi sahədə ABŞ-ı geridə qoya bilməyəcəyini bildirib. Sallivan Çinin ABŞ-a qarşı kiberhücumlarını neytrallaşdırdığını da vurğulayıb. Buna baxmayaraq, Sallivanın sözlərinə görə, Çin növbəti 25 il üçün ABŞ çağırışdır və Amerika hakimiyyəti buna hazırdır".

Xalidə Gəray
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr