Azərbaycan Qəzzada atəşkəs və girovların azad edilməsi razılaşmasını alqışlayır.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial media hesabında qeyd edilib.
Bildirilib ki, Azərbaycan ümid edir ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətlərə son qoyulacaq.
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - deyə əlavə edilib.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək. Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.