AZ

İcma: Ermənistan hökuməti monoetnik siyasətə son verməlidir

Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin 2025-ci il yanvarın 15-də verdiyi, Azərbaycan SSR-də ermənilərə qarşı qanunsuzluq törədildiyini iddia edən əsassız və böhtan dolu bəyanatını qınayırıq. Bəyanatın tonu, həm də Ermənistanın İkinci Qarabağ müharibəsindən əvvəlki ritorikasını xatırladır.

Əvvəla vurğulayaq ki, etnik təmizləməni törədən dövlət Ermənistandır. Hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Levon Ter-Petrosyanın prezident qismində 1993-cü ildə etdiyi məlum çıxışı azərbaycanlılara qarşı etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu bir daha təsdiq edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda daha sonra qeyd edilir: “Həmçinin xatırlatmaq yerinə düşür ki, L.Ter-Petrosyan həmin çıxışında Azərbaycan SSR-dən ermənilərin köçünün məhz Ermənistanın özü tərəfindən təşkil edildiyini də bildirib. L.Ter-Petrosyanın çıxışından müvafiq çıxarışı aşağıda veririk:

“Hərəkat vaxtında başlamasaydı, bu gün Azərbaycanda 500 min erməni qalacaqdı. Onlar fiziki cəhətdən məhv edilməsələr belə, bu, Ermənistanı diz çökdürmək üçün ən güclü rıçaq olardı. Onların əhəmiyyətli bir hissəsi, 300 mindən çox insan Ermənistanda sığınacaq tapdı. Bu da milli problem idi, hərəkatımız sayəsində həll olunan böyük miqyaslı problem”.

Bütün bunlar sübut edir ki, Ermənistan, işğalını mümkün hesab etmədiyi Azərbaycan ərazilərindən ermənilərin köçünü təşkil edərək, iki xalqın nümayəndələrinin dinc yanaşı yaşamaq təcrübəsini aradan qaldırmağı və Ermənistanda monoetnik dövlət yaratmağı hədəfləmişdir.

Ermənistan hökuməti böhtan və nifrət dolu bəyanatlar vermək əvəzinə, irqçiliyinə və monoetnik siyasətinə son verməli, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multietnik mühiti bərpa etməlidir”.

Seçilən
2
24
xalqqazeti.az

10Mənbələr